Ruhi xəstələrin sayı artıb? - AZƏRBAYCANDA ŞOK RƏQƏMLƏR
06 sentyabr 2022 16:47 (UTC +04:00)

Ruhi xəstələrin sayı artıb? - AZƏRBAYCANDA ŞOK RƏQƏMLƏR

Lent.az xəbər verir ki, APA TV Kütləvi İnformasiya Vasitələrində ölkəmizdə ruhi xəstələrin kəskin formada artması ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, cari il ərzində Azərbayacanda 2 milyon 219 min 145 nəfər xəstə qeydə alınıb. Onlardan 14 min 409 nəfər psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir. 2015-ci ildə isə bu rəqəmin 7 min 764 olduğu bildirlir. Bəs bu rəqəmlər nə qədər doğrudur?

Ruhi xəstəliklərin bu qədər kəskin şəkildə artmasının səbəbi nədir? Psixoloq Elnur Rüstəmov deyir ki, ruhi xəstələrin sayının artması ilə yanaşı, davranış pozuntusundan əziyyət çəkən uşağların da sayında artım var:

“Əsas faktorlardan biri kimi informasiyanı diqqətə almalıyıq. Bu gün insanların böyük qismi ifrat informasiya ilə yükləniblər. Bu da psixoloji duruma və əhval pozuntusuna səbəb olan faktorlardan biridir. İkinci psixoloji pozuntulara səbəb olan ən böyük səbəblərdən biri zərərli vərdişlərdən asılı olan insanların sayında artımın olmasıdır. Psixoaktiv maddələrdən, alkoqol, digər narkotik vasitələrdən istifadə edənlərin sayındakı artımı da bura əlavə edə bilərik. Bunlar da insanların fizioloji, daha çox isə psixoloji durumunda böyük problemlər yaradır”.

Elnur Rüstəmov onu da dedi ki, psixi sağlamlığa sıradan bir hadisə kimi baxmamalıyıq. Çünki bir çox fiziki problemlərin kökündə psixoloji problemlər dayanır. Psixi Sağlamlıq Mərkəzinin müalicə konsultativ şöbəsinin müdiri Səbinə Rəşidovanın sözlərinə görə, psixi pozuntular və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkənlərin sayında artım olması həqiqətdir. Ancaq rəqəmlər daha çox müraciətlərin hesabına bu qədər artır:

“50-100 il əvvəl müraciət edən şəxslər bu qədər çox deyildi. İnsanların psixoloji sağlamlıq sahəsində maarifləndirilməsi, dünya görüşünün artması, medianın, kinoların, maarifləndirmənin təsiri hesabına insanlar öz psixoloji durumlarına daha çox diqqətlidilər və daha rahat şəkildə psixoloqa, psixoterapevtə və yaxud psixiatra müraciət edə bilirlər. Əvvəllər daha böyük stiqma var idi: psixiatra gedərəm, elə bilərlər xəstəyəm, məni işə götürməzlər, ailə qura bilmərəm, deyərlər ki, ağır psixi xəstəlikdən əziyyət çəkirəm, səhv qiymətləndirərlər. Hazırda bu stiqma xeyli azalıb”.

Səbinə Rəşidovanın fikrincə, digər səbəblər Covid infeksiyası və 2-ci Qarabağ müharibəsi ilə bağlıdır: “Əvvəllər post-travmatik stress pozuntusu diaqnozunu biz tək-tək hallarda qoyurduq. Müharibədən sonra qazilərimizin əziyyət çəkdiyi əsas diaqnozlardan biri məhz post travmatik stress pozuntusudur. Yəni stressin təsirindən yaranan psixoloji narahatlıq halıdır. Burda qorxu, müharibə səhnələrinin daim gözünün qarşısında təkrarlanması, yuxulara müharibənin girməsi, yuxu pozuntuları və digər əlamətlər ön planda olur. Son vaxtlar bizə müraciət edən şəxslər arasında daha çox qazılərin olması, kişilərin psixoloji problemlərinin daha ön planda olduğunu göstərir, yəni kişilərin müraciəti qadınlara nisbətən daha çoxdur”.

Səbinə Rəşidova əlavə etdi ki, müraciətlər müxtəlif səbəblərdən olur. Bəzi insalar psixi xəstəlikdən əziyyət çəkirlər, müalicə olunmaq istəyirlər. Bəziləri işə girmək istəyirlər deyə müayinə olunurlar. Bəzilərinə sürücülük vəsiqəsi almaq üçün müayinə lazım gəlir. Bəzi insanlar isə övladlıq götürmək istəyirlər. Onun sözlərinə görə, müraciət edənlərin arasında hər yaş kateqoriyasında insan var. Lakin 20-45 yaş arası şəxslər çoxluq təşkil edir.

# 2307
avatar

Oxşar yazılar