1946-cı il oktyabrın 1-də soyqırımda, müharibə cinayətlərində, təcavüzkar müharibə aparmaqda və bəşəriyyətə qarşı başqa cinayətlərdə ittiham olunan nasist Almaniyası liderlərinin Nürnberq məhkəməsi başa çatdı.
Tarixçi Rizvan Hüseynov hesab edir ki, Azərbaycan Qarabağ bölgəsindəki keçmiş separatçı qurumun hərbi-siyasi rəhbərliyi ilə bağlı özünün “Nürnberq məhkəməsi”ni təşkil edə bilər.
Lent.az-ın Vesti.az-a istinadən xəbərinə görə, tarixçi qeyd edib ki, son 30 ildə bu insanlar insanlığa qarşı cinayət, müharibənin aparılması qaydasının pozulması kimi qiymətləndirilə bilən çoxlu sayda əməllər törədiblər.
Xatırladaq ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ildırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində separatçı qurumun özünü buraxmasında sonra Azərbaycanın hüquq-mühafizə orqanları separatçıların siyasi rəhbərliyində təmsil olunan 4 nəfəri saxlayıb.
Belə ki, “keçmiş dövlət naziri” Ruben Vardanyan, “Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri” Davit Babayan, “müdafiə naziri” Leva Mnatsakanyan, “müdafiə nazirinin keçmiş müavini”, general-mayor Davit Manukyan saxlanılıb.
Azərbaycanın baş prokuroru Kamran Əliyev bazar günü jurnalistlərlə söhbətində bildirib ki, ümumilikdə cinayət işləri dörd qrup üzrə aparılır - Birinci Qarabağ müharibəsi zamanı, atəşkəs rejimi dövründə, İkinci Qarabağ müharibəsi zamanı və İkinci Qarabağ müharibəsindən sonra törədilmiş cinayətlərə görə.
Onun sözlərinə görə, ümumilikdə 300 nəfər beynəlxalq axtarışa verilib.
Eyni zamanda, Baş Prokuror həmin şəxsləri könüllü təslim olmağa çağırıb.
Tarixçi alim Rizvan Hüseynov qeyd edib ki, söhbət tanınmamış separatçı qurumun hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslərdən gedir.
“Onlar qərarların qəbuluna və onların icrasına cavabdehdirlər. Bu kontekstdə Azərbaycan birmənalı olaraq məhkəmə araşdırması aparmalıdır. Azərbaycan hətta bu məhkəmə prosesini açıq keçirə və BMT, Beynəlxalq Haaqa Məhkəməsi, Avropa təşkilatları kimi strukturların nümayəndələrini dəvət edə bilər.
Yəni o təşkilatlar ki, beynəlxalq araşdırmalarla məşğul olurlar. Bu, 21-ci əsrin bir növ “Nürnberq məhkəməsi” olacaq”, - deyə o bildirib.
Onun fikrincə, bu məhkəmə ədalətin zəfər çaldığını, terroru dəstəkləyən və himayə edənlərin layiqli cəza aldığını göstərə bilərdi.
Tarixçinin fikrincə, belə bir məhkəmə prosesi dinc azərbaycanlılara divan tutmuş erməni millətçiliyinə gələcəkdə eyni fəlakətlər yaşanmasın deyə ibrət dərsi ola bilər.