“Azərbayanda pandemiyanın məşğul qadınlara vurduğu ziyanın miqyası olduqca böyükdür”.
Lent.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən icra olunan “Qadınların məşğulluğunda Covid 19-un təsirlərinin ölçülməsi” layihəsinin təqdimat mərasimində səslənib.
Layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihə çərçivəsində sahibkar, məşğul qadınlar arasında sorğu keçirilib. Eyni zamanda bu sahənin ekspertləri ilə fokus qrup işləri həyata keçirilib:
“Tədqiqatın nəticələri bizləri daha konkret addımlar atmağa vadar edir və düşünürük ki, pandemiyanın vurduğu ziyanların aradan qaldırılması, eyni zamanda gələcək fors-major vəziyyətlər olacağı təqdirdə daha cəlb və peşəkarcasına vəziyyətdən çıxa bilək”.
V.Hüseynli bildirib ki, Azərbaycanda əhalinin 50,1 faizini qadınlar təşkil edir. Sonuncu açıqlanan məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin 48,6 faizi, məşğul əhalinin isə 48,2 faizi qadınlardan ibarətdir. Eyni zamanda, ARDSK-nın 2019-cu il üzrə məşğulluq və işsizliyə görə müavinət alanların isə 47,6 faizini qadınlar təşkil edir. Qadın işsizlərin sayı da kişilərə nisbətən 40 faiz çoxdur.
Burada maraqlı məqam ondan ibarətdir ki, ölkə üzrə işsiz qadınların sayı, işsiz kişilərlə müqayisədə 40 faiz çox olsa da, işsizlik müavinəti alanların arasında kişilərin xüsusi çəkisi daha çoxdur.
Azərbaycanda qadın məşğulluğunun xüsusiyyətləri barədə danışan QHT sədri vurğulayıb ki, Azərbaycanda qadın məşğulluğunun xüsusiyyətlərində, iqtisadi fəaliyyətlərində diqqət çəkən daha bir məqam ölkədə muzdla fəaliyyət göstərən bütün qadınların yarısından çoxunun sadəcə 3 fəaliyyət istiqaməti ilə məşğul olmasıdır:
“Təhsil, səhiyyə və sosial xidmətlər, həmçinin istirahət, əyləncə və incəsənət istiqamətlərindən başqa, ölkədəki digər bütün fəaliyyət istiqamətlərində kişilərin sayı qadınlardan çoxdur”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib ki, tədqiqatdakı rəqəmlərin bizləri ciddi düşünməyə vadar edir:
“Aparılmış sorğunun nəticələri bir daha göstərdi ki, pandemiya dünya ölkələrində olduğu kimi Azərbaycanda da sahibkarlığın inkişafına, xüsusilə qadınların məşğulluğuna ciddi izlər açaraq keçib və bəzi sahələrdə bu problem hələdə davam edir".
Z.İbrahimli gələcəkdə də Agentliyin hesabatların hazırlanmasına və tədqiqat işlərinin aparılmasına diqqətlə və ciddi yanaşacağını qeyd edib.
Tədbirdə çıxış edən Mehriban Zeynalova bildirdi ki, Covid bizə onu öyrətdi ki, istənilən fors-major situasiyaya hazır olmağımızda fayda var. O cümlədən düşünürəm ki, ölkədə mütləq uşaqlar və qadınların sosial və iqtisadi cəhətdən müdafiəsi üçün mexanizmlər izlənilməli və xüsusi paketlər təqdim edilməlidir.
Tədbirdə QHT rəhbərləri Cəsarət Hüseynzadə, Ramil İskəndərli, Səbinə Ələkbərova, İlqar Hüseynli, Anar Xəlilov Mətanət Əsgərqızı və digərləri təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, tədqiqatın nəticəsi olaraq, irəli sürülmüş tövsiyələr lazımı dövlət strukturlarına təqdim olunacaq.