6400 kilometr. Bu, Naxçıvandan Tayşetə qədər olan məsafədir. Düz, 40 il əvvəl bu 6400 kilometri qət edən 3 nəfərin ağlına da gəlməzdi ki, onlar böyük bir tarixi hadisənin iştirakçıları olacaqlar. Bu üç nəfər, Həmid Cəfərov, Zakir Nəsirov və Telman Əliyev Cavidin, Cavid Əfəndinin arxasınca gedirdilər. Və bir neçə gün sonra yüzlərlə insan Bakı aeroportuna yığışıb 43 il öncə gedər-gəlməzə yola salınan Hüseyn Cavidin cənazəsinin qalıqlarını qarşılaycaqdı. Hər şey isə belə başlamışdı…
1981-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdi. Və ilkin hazırlıqlara başlnıldı. 1982-ci il oktyabrın 3-də isə respublika rəhbəri Heydər Əliyev Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsi ideyasını verir.
İlkin olaraq arxiv sənədlərindən müəyyən edilir ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunundakı Məhbus Əlillər Xəstəxanasında vəfat edib. Bundan sonra isə Tayqanın dərinliklərində yerləşən Şevçenko kəndindəki qəbiristanlıqda dəfn olunub. O da məlum olub ki, Cavid 59 saylı qəbirdə torpağa tapşırılıb. Və bilirsinizmi nə qədər qəbir varmış həmin qəbiristanlıqda? Düz, 40 min. Hə, gəl indi 40 min qəbrin çindən 59-cunu tap.
Dərd bu da deyildi. Dərd ondaydı ki, Şevçenkonun özü belə gedər-gəlməz bir yer idi. Həmin kənddə heç kim yaşamırdı. Bir tərəfdən də Cavidin ömrünün başa vurduğu Tayşetdəki Əlillər Evi də 30 il idi ki, dağılıb getmişdi.
Naxçıvandan gedənlər oktyabrın 18-də İrkutsk vilayətinin partiya komitəsinin birinci katibi Yevstafi Antipovla görüşürlər. Katib onlara hər cür kömək göstərəcəyini vəd edir. Amma Həmis Cəfərova belə bir sual da verir: “Biz ölənlərimizin qəbrini iki ildən sonra tapa bilmirik. Siz isə 40 ildən sonra gəlmisiniz ki, qəbir axtarrıq. Buyurun, tapın. Nə kömək lazımdısa, mən edəcəm”.
Naxçıvandan gedənlər rayon arxivində Şevçenko kəndində yerləşən Məhbus Əlillər Evində həlak olanların siyahısını araşdırır və siyahıda Hüseyn Cavidin adını tapırlar: “21 saylı Məhbus Əlillər Evində müalicə olunan Hüseyn Cavid Rəsizadə 1941-ci il dekabrın 5-də saat 22.30-da ayaqlarını soyuq apardığına görə ürək zəifliyindən dünyasını dəyişib və dekabrın 7-də məhbus qəbiristanlığında 59 nömrəli qəbirdə, taxta tabutda, 2 metr dərinliyində başı şərqə tərəf dəfn olunub”.
Sonradan Həmid Cəfərov xatırlayacaqdı:
“Əlillər Evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində” - islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O, qətiyyətlə bildirirdi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”.
59-u çox axtarırlar. Zarafat deyil, bir tərəfdən soyuq və dəhşətli şaxta, digər tərəfdən də nə az, nə çox, 41 il keçib. İndiyə dəmir lövhəmi, yazımı qalardı.
Amma möcüzə baş verir. Birdən kimsə həyəcanla qışqırır: “Tapdım, budur 59”.
Hamı ora qaçır. Naxçıvandan gedənlər isə sadəcə susur, susur və qəfildən diz çöküb hönkür-hönkür ağlayırlar. Onlarla birgə kəndə getmiş əsgərlər göyə yaylım atəşi açırlar. Tayşet şəhər sakini, səfərdə iştirak edən Qəhrəman Qurbanov isə öz evində Cavidə ehsan verir.
Və nəhayət, Azərbaycana qayıtmaz zamanıydı. Cənazə əvvəlcə İrkutska, oradan Moskvaya aparılır. Bakıda isə Cavidi insan seli qarşılayır. Aeroportdan Cavidin nəşi Şirvanşahlar Sarayına gətirilir. Daha sonra Əlyazmalar İnstitutuna aparılır. Qərara alınır ki, Cavid Naxçıvanda dəfn edilsin.
Noyabrın 1-də gecə saatlarında cənazə şairin evinə gətirilir və bir gün sonra başda Heydər Əliyev olmaqla Azərbaycanın dövlət, hökumət nümayəndələri vida mərasiminə gəlirlər. Daha sonra cənazə xüsusi təyyarə ilə Naxçıvana aparılır. Şair noyabrın 3-də ev muzeyinin yanında, uşaqlıqda çox sevdiyi tut ağacının altında dəfn olunur...