“Ağciyərlərdə Kompüter Tomoqrafiya müayinəsində görülən “buzlu şüşə” əlaməti sadəcə, bir xəstəliyə xarakterik deyil. Çox xəstəlikdə görülür və spesifik deyil. Yəni bu əlamətə görə demək olmaz ki, bu, COVID-19-dur. Sadəcə, COVID-19 olanlarda “buzlu şüşə” daha çox ağciyərlərin aşağı paylarında və kənar hissələrində olur”.
e-tibb.az xəbər verir ki, bunu Azərbaycanın tanınmış radioloqu, tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti Rasim Bayarmov açıqlayıb. Rasim Bayramov qeyd edib ki, koronavirus meydana çıxdıqdan sonra həkim olmayanlar belə, ağciyərdə görünən “buzlu şüşə” terminini eşidib. Zəng və mesajlarla da dəfərərlə bu haqda suallar verilir.
Həkimin sözlərinə görə, “buzlu şüşə” geri dönən prosesdir, yəni müalicə ilə sorulur. Ancaq COVİD-19 xəstələrində ağciyərlərdə görülən ən böyük problem ağciyər toxumasının fibrozlaşması, yəni sərtləşməsidir. Digər virus mənşəli ağciyər iltihablanmasında, yəni pnevmoniyada demək olar ki, fibrozlaşma olmur.
Onun sözlərinə görə, ağciyərin fibrozlaşması geriyə döndürülə bilən hadisə deyil: “Əgər fibroz qalıcı olsa, bu xəstələrdə daima nəfəs darlığı və quru öksürək olacaq (fibrozun dərəcəsindən asılı olaraq). Ancaq erkən müalicə ilə fibrozlaşmanı yavaşlatmaq, hətta durdurmaq mümkündür”.
Radioloq vurğulayıb ki, ona görə də xəstəliyin ilk mərhələsində alınan müalicə çox əhəmiyyətlidir: “Bu xəstələrə tövsiyəm xəstəliyini gizlətməsinlər və mütləq ixtisaslı həkim nəzarətində olsunlar. Yoxsa, qatar çoxdan getmiş olacaq...”