Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 yaşı tamam olur. 2012-ci il fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezidentin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilib. Onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Müstəqil Azərbaycan dövlətinin və ordumuzun quruculuğunda müstəsna xidmətləri olan bu qurumun əsl yaşı isə 103 ildir. 1918-ci il iyulun 11-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Azərbaycan Hərbi Komissarlığı yaradılıb. Sovet hakimiyyəti illərində Azərbaycanın öz ordusu olmasa da, komissarlıqlar çağırış infrastrukturu kimi qorunub saxlanılıb və yeni dövr müstəqillik illərində Xidmətin yaradılması üçün baza rolu oynayıb.
44 günlük Vətən Müharibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çevik və peşəkar fəaliyyəti özünü aydın şəkildə göstərdi. Bu amil Qələbədə sözsüz ki, mühüm rol oynadı və hazırda da öz əhəmiyyətini qoruyub saxlayır.
Lent.az qurumun fəaliyyətinin 9 ili və ümumiyyətlə, çağırış ənənəsinin tarixi barədə bir sıra tanınmış hərbçi, dövlət və ictimai xadimlərin fikirlərini öyrənib.
Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov Lent.az-a açıqlamasında bildirib ki, səfərbərlik hər bir orduda ciddi önəm verilən bir məsələdir: “Səfərbərlik Xidməti döyüş ehtiyatlarının təminatı işləri ilə məşğuldur. Məsələn, əsgər tərxis olunandan sonra müəyyən müddət ərzində öz hərbi qabiliyyətini itirir. Səfərbərlik Xidməti də məhz onların döyüş qabiliyyətinin itirilməməsi üçün tədbirlər görür. Ehtiyatda olan hərbi qulluqçuların hazırlığını nəzarətdə saxlayır. Müdafiə Nazirliyi tələb etdikdə isə ordunu həmin ehtiyatla təmin edir. Səfərbərlik təkcə insan resursları deyil, tibbi avadanlıq və nəqliyyat baxımından da vacibdir. Bu kimi ehtiyatlar olmalıdır ki, döyüş vaxtı yalnız Ali Baş Komandanın əmrilə ehtiyatlar səfərbərliyə cəlb olunsun. Səfərbərlik Xidməti bu işin öhdəsindən layiqincə gəlir. Belə peşəkar fəaliyyət olduğu üçün də müharibə dövründə heç bir xüsusi çətinlik yaranmadı”. General Aydəmirov, yaranmasının ildönümü münasibətilə Xidmətin rəisini, kollektivini və hərbi çağırış sisteminə mənsub olan hər kəsi təbrik etdiyini bildirdi.
Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev bildirib ki, fəaliyyətdə olduğu 9 il müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üsrə Dövlət Xidmətinin fəaliyyəti çox yaxşı təşkil olunub: “Müharibə aparan, Ermənistan kimi təcavüzkar bir qonşusu olan ölkədə ordu və səfərbərlik işi ciddi yanaşma tələb edir. Ordu quruculuğunda isə çağırış sisteminin əhəmiyyəti çox böyükdür. Sovet dövründən qalma komissarlıq sistemi üzərində bu gün müasir, peşəkar bir səfərbərlik infrastrukturu qurulub. Biz bunu sonuncu müharibə dövründə də gördük. Səfərbərliyə cəlb edilən və könüllü müraciət edən on minlərlə vətəndaş, üstəlik müddətli hərbi xidmətə cəlb edilənlərin qrafik üzrə tənzimlənməsi ağır bir iş idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu işin öhdəsindən asanlıqla gəldi. İmkanları getdikcə artırmağı və daha yaxşı nəticələr əldə etməyi arzulayıram”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də Xidmətin fəaliyyətini qiymətləndirib: “Səfərbərliyə cəlb olunanların yaş, ixtisas bölgüsünə ayrılması, nəqliyyat vasitələrinin müəyyən olunmuş zamanda, tələb olunan yerə çatdırılması və s. kimi missiyalar Xidmətin üzərinə düşür. Bu illər ərzində Əfqanıstan, Böyük Vətən Müharibəsi, iştirakçıları, Çernobıl faciəsində olanlar, Qarabağ müharibəsi şəhid ailələri, veteranlar, ehtiyatda olan zabitlərin hamısı haqqında elektron bazada məlumat toplanıb. Müharibə vaxtı Müdafiə Nazirliyinə hansı nəqliyyat vasitələri lazım idisə, o dərhal hərbi hissələrə təhvil verilirdi. Çağırış sistemi şəffaflaşıb, hər il dörd dəfə uğurla həyata keçirilir. Burada gənclərin tibbi yoxlanılmasından tutmuş hərbi hissələrə göndərilməsinə qədər bütün proseslər yüksək səviyyədə təşkil olunub”. General-polkovnik Arzu Rəhimovun başçılığı ilə baş redaktorlar, QHT sədrləri, ehtiyatda olan zabitlər, xidmət əməkdaşları şəhid ailələri və qazilərlə bayram günlərində dəfələrlə görüşüblər. Müharibədən sonra bu proses daha da gücləndirilib. İlk dəfə şəhid ailələrinin, qazilərimizin evlərində ziyarət olunması və ehtiyata buraxılan hərbiçilərlə görüşləri Səfərbərlik Xidməti təşkil edib. Səfərbərlik Xidməti kişilərin 15 yaşından ömrünün sonunadək qeydiyyatda olduğu qurumdur. Vətən Müharibəsində döyüşçülərimiz Şuşada, Ağdamda, Qubadlıda, Laçında və s. yerlərdə Azərbaycan bayrağını dalğalandırdı. Bu ordunun təşkili, səfərbər olunması Xidmətin üzərinə düşürdü və bu iş uğurla yerinə yetirildi. Bu qurum, Ali Baş Komandanın rəhbərliyi ilə hamımızı müqəddəs savaşa səfərbər etdi və nəticədə böyük Qələbədə öz payını təmin etdi”.
“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, aprel döyüşləri şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirir ki, Səfərbərlik Xidmətinin fəaliyyəti yalnız hərbi xidmət yaşına çatmış vətəndaşları çağırıb lazımi ünvanlara göndərməkdən ibarət deyil: “Hər zaman şəhid ailələrinə də diqqət və qayğı göstərilməlidir. Səmimiyyətlə deyirəm ki, Səfərbərlik Xidməti şəhid ailələrini heç vaxt unutmur və daim nəzərində saxlayır. 2019-cu ildə Konqres mərkəzində aprel döyüşlərinin 3-cü ildönümü münasibətilə keçirdiyimiz tədbirdə Xidmətin rəhbər şəxsləri də iştirak etmişdilər. Təşkilat olaraq, daim sıx əməkdaşlığımız mövcuddur. Səfərbərlik Xidmətinə qarşıdakı fəaliyyətində uğurlar arzu edirəm”.
“Səfərbərlik Xidmətinin işini yüksək qiymətləndirirəm”. Bu sözləri isə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. Baş redaktor qeyd edib ki, Xidmətin indi gördüyü iş çox vacibdir. “Mən özüm də dəfələrlə səfərbərlik xidmətinin tədbirlərində iştirak etmişəm. Xidmət əməkdaşlarının şəhid ailələri, müharibə iştirakçılarının evlərini ziyarət etdiklərini görmüşəm. Onlar yüksək vətənpərvərlik nümayiş etdirərək, lazımlı fəaliyyət göstərirlər. Xidmətin bütün kollektivini təbrik edirəm”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, 44 günlük Vətən Müharibəsində işlərin planlanması, zabit və digər hərbi rütbəlilərin kateqoriyalara bölünməsi baxımından necə uğurlu iş aparıldığının şahidi olduq: “Xidmətin çağırışaqədər hazırlıq tədbirlərini çox yaxından izləyirəm. Hətta bir neçə dəfə də iştirakçı olmuşam. Səfərbərlik Xidməti təkcə səfərbərliyi həyata keçirmir, həm də gənclər arasında vətənpərvərliyi daim yaşatmaq üçün sistemli tədbirlər görür. Əvvəl səfərbərlik sahəsində sui-istifadə halları baş alıb gedirdi. Sonradan çağırışın elektronlaşması bu kimi problemlərin üstündən xətt çəkdi. Təbii ki, hər bir xidmət sahəsində çatışmazlıqlar mövcuddur. Ancaq ümumilikdə Səfərbərlik Xidmətinin işini yüksək qiymətləndirirəm və təbrik edirəm”.
Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da Səfərbərlik Xidmətinin rəhbərliyini və əməkdaşlarını təbrik edib: “44 günlük müharibədə əldə olunan qələbədə həmin xidmətin də böyük rolu oldu. Gənclər arasında vətənpərvərliyin artmasında, ölkə hüdudlarımızın qorunmasında, ümumilikdə ordumuzun qüdrətinin artmasında bu xidmətin missiyası böyükdür. Xidmət Xalq Cümhuriyyətinin vaxtında yaradılıb əslində. Çağırış qurumlarının mövcud olduğu zamanın böyük hissəsi SSRİ dövrünə düşdü. Müstəqillikdən sonra isə daha da inkişaf edərək, dövlətin ən ciddi qurumlarından birinə çevrildi. Səfərbərlik Xidmətinin fəaliyyəti nəticəsində minlərlə könüllü Vətən Müharibəsində iştirak üçün sistemli şəkildə ordu sıralarına cəlb edildi”.
Əməkdar jurnalist Elçin Mirzəbəyli də hesab edir ki, Səfərbərlik Xidmətinin peşəkar fəaliyyəti 44 günlük müharibədə də özünü göstərdi: “Qısa bir zamanda səfərbərliyin yerinə yetirilməsi xidmətin öz işinin öhdəsindən layiqincə gəldiyini sübut etdi. Bu prosesin uğurla başa çatması dövlət başçısı tərəfindən də qiymətləndirildi. 44 günlük müharibədə başlayan proses hələ də başa çatmayıb. İndi həmin könüllü döyüşçülərin problemlərinin həll olunması, şəhid ailələrinin ziyarəti və s. yerinə yetirilir. Bir neçə dəfə mən də şəhid ailələri ilə görüşdə iştirak etmişəm və onlara olan qayğının şahidi olmuşam. Xidmətin əməkdaşlarını təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev: “Səfərbərlik Xidməti yaranan gündən bu günədək həqiqətən də əməli işlər görüb. Səfərbərlikdən yayınanların hərbi xidmətə bərpa olunması və gənclər arasında hərbi vətənpərvərlik hisslərinin artırılması istiqamətlərində yüksək səviyyədə iş aparılıb. 2016-cı il aprel döyüşlərində Səfərbərlik Xidmətinin təşkilatçılığı ilə hərbi təşkilatlar döyüş zonasında iştirak etməklə həm hərbçilərə, həm də orada yaşayan mülki əhaliyə dəstək oldu. Biz də hərbi təşkilat olaraq, daim Səfərbərlik Xidməti ilə sıx əlaqədəyik. Müharibədə iştirak edənlər arasında problemi olanların müraciətini dərhal həmin quruma bildiririk və problem öz həllini tapır. General-polkovnik Arzu Rəhimovun başçılığı ilə bölgələrdə də fəaliyyət güclü aparılır və keçmiş çoxsaylı nöqsanlar aradan qaldırılıb”.