“Normal hazırlıqlı bakalavr, pedaqoji diplomlu şəxslər məktəblərə işə qəbul ola bilərlər”.
Bu sözləri Lent.az-a təhsil eksperti Kamran Əsədov növbəti ildən MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarında baş tutan yeniliklər barədə danışarkən deyib.
Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən MİQ imtahanından şikayətlər səngimək bilmir. Rəsmi məlumata görə, MİQ imtahanın keçirilməsində yenə də dəyişikliklər olacaq. Belə ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirilmə çərçivəsində müəyyən dəyişikliklər edilib.
Maraqlıdır, MİQ imtahanında edilən yeniliklərin müəllimlərə nə dərəcədə təsiri olacaq?
Təhsil eksperti Kamran Əsədov deyir ki, əvvəllər müəllimlərin işə qəbul imtahanları şəffaf keçirilmirdi:
“Dövlət orta ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu 2009-cu ildən mərkəzləşmiş qaydada keçirilir.
Həmin ildə 230-a yaxın şəxs imtahan yolu ilə Bakı şəhərində müəllim vəzifəsinə təyin olunub. 2011-ci ildən etibarən isə bütün ölkə üzrə məktəblərə müəllim kimi işə qəbul məhz MİQ vasitəsi ilə həyata keçirilməyə başladı. 2009 və 2011-ci ilə qədər müəllimlərin işə qəbul imtahanları şəffaf keçirilmirdi.
Müxtəlif formalarda MİQ imtahanı keçirilir. İmtahan iştirakçılarının ixtisas, məntiqi düşünmə və kurikulum bilikləri yoxlanılırdı”.
Ekspert vurğulayıb ki, yeni dəyişikliklərə əsasən, səhv cavablar doğrulara təsir edəcək:
“Bu il baş tutan dəyişikliklərdən biri əvvəllər maksimum 60 bal idisə, indi həmin qiymətləndirmə 100 bala çatdırılıb. Dəyişikliyin digər mahiyyəti isə səhv cavabların doğru cavablara təsiri ilə bağlıdır. Çünki bəzən görürük ki, bizim müəllimlər sualların cavablarını bilməsələr də, onu “atmaq” yolu ilə yazırlar. İndi isə bilmədikləri sualı yazmaq onların imtahan nəticələrinə birbaşa mənfi təsir edəcək.
Başqa bir dəyişiklik isə təbii ki, müsahibə mərhələsindən sonra müəllim işə qəbul edilirsə, yalnız 1-ci və 2-ci turdan sonra iş yeri daimiləşə bilir. Əks halda daimi əsaslarla yox, 1 illik müvəqqəti müqavilə ilə işə qəbul edilir.
Ümumilikdə, bütün proseslər şəffaf aparılır. Normal hazırlıqlı bakalavr, pedaqoji diplomlu şəxslər məktəblərə işə qəbul ola bilərlər”.