“Mehdinin nökərləri” molla rejiminin xidmətçiləridir? - Elçin Mirzəbəyli yazır
05 avqust 2022 17:08 (UTC +04:00)

“Mehdinin nökərləri” molla rejiminin xidmətçiləridir? - Elçin Mirzəbəyli yazır

Böyük Britaniyada “Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) LTD (Məhdud Məsuliyyətli Cəmiyyət) kimi qeydiyyatdan keçən radikal dini qruplaşmanın Azərbaycanın Londondakı səfirliyinə hücumundan sonra sosial şəbəkələrdə aparılan müzakirələrdə sifarişin cənubdan gəlməsi barədə mülahizələr üstünlük təşkil etsə də, ən qısa zamanda molla rejiminin muzdlu-muzdsuz “aftafaları” ən müxtəlif fərziyyələrlə bunun əksini sübuta yetirmək üçün yarışa çıxdılar. Küyə gedənlər, özünü bilgili göstərməyə çalışanlar da oldu, şübhəsiz.

Arqumentlər, istinad mənbələri isə hər zaman olduğu kimi nədən ibarət oldu? Əlbəttə ki, açıq mənbələrdə yer alan alayarımçıq məlumatlardan... Sən demə “Mehdinin nökərləri” molla rejiminin xidmətçiləri deyilmiş, hətta İran hakimiyyətinə müxalif mövqedən çıxış edirlərmiş və daha neçə-neçə “mış, muş, müş”lərmiş... Bu sıraya sözügedən qruplaşmanın 2018-ci ilin martında İran səfirliyinə “yumşaqvari” hücumu barədə deyilən və yazılanları da əlavə etsək, o zaman “molla rejiminin “qüsl” edilməsi prosesi təntənəli şəkildə izitirmə nəticəsinə varır” yaza bilərəm. Yazdım da...

Amma bu vikipediya “araşdırmaçı”larından heç biri, hətta qıpqırmızı rəngi belə politranın bütün çalarlarında təqdim etməyi bacaranlar da “Mehdinin nökərləri”nin İran səfirliyinə hansı səbəbdən “hücum” etdiklərinin fərqinə varmayıblar, yaxud varmaq istəməyiblər.

Məsələ burasındadır ki, “Khoddam Al Mehdi” qruplaşmasının üzvləri İranda (guya) “Vilayəti-Fəqih”in əleyhdarlarından biri kimi tanınan böyük ayətullah Sadiq Şirazinin ardıclılarıdır. Bəzi iranbaşlıların təbirincə desək, “Sadiq Şirazini təqlid edirlər”.

İran səfirliyinin qarşısında keçirilən aksiyanın da məqsədi böyük ayətullah Sadiq Şirazinin oğlu ayətullah Hüseyn Şirazinin Qum şəhərindəki həbsi ilə bağlı idi... Onu da qeyd edim ki, ayətullah Hüseyn Şirazinin cəmi 13 gün həbsdə qalması, sözügedən şəxsin timsalında İran rejiminə qondarma müxalifət yaradılması istiqamətində mollakratiyanın çoxsaylı cəhdlərindən biri kimi də qiymətləndirilə bilər. Gerçəklik isə ondan ibarətdir ki, ayətullah Seyid Hüseyn əl Hüseyni əl Şirazi, yəni Hüseyn Şirazi hazırda İranda, həmin o Qum şəhərində yaşayır, “ardıcılları” isə Londonda Azərbaycan səfirliyinə hücum çəkirlər.

Belə... Nəticəni özünüz çıxarın...

Yazının əvvəlində “Khoddam Al Mehdi” təşkilatının Böyük Britaniyada LTD (MMC) kimi qeydiyyatdan keçdiyini yazmışdım. Əlavə edim ki, Qrup üzvləri və MMC-nin rəhbərləri fəal bizneslə də məşğul olurlar. “Fədək” (Fadak Satellite Channel) adlı telekanalları, market və restoran şəbəkələri var. Bildiyim qədər Azərbaycanda da eyni adlı restoran və market şəbəkəsi fəaliyyət göstərir. Bu iki şəbəkənin bir-biri ilə hansısa bağlılığının olduğunu, yaxud olmadığını dəqiqləşdirmək isə, mənim imkanım daxilində deyil. Mən öz imkanım daxilində araşdırma aparıb, heç bir subyektiv mülahizəyə yol vermədən həqiqətin azacıq da olsa gün işığına çıxmasına töhfə verməyə çalışdım.

# 6675
avatar

Elçin Mirzəbəyli

Oxşar yazılar