Uşaqlıqda bəlkə də hamımız hind filminə baxmaq üçün şənbə gününü gözləmişik. Çox da uzaq olmayan illərdə telelkanallarımızda hər şənbə günü ən az 2 saat çəkən hind filmləri yayımlanırdı.
Həftənin 5 gününü bəlkə də o filmin yolunu gözləyirdik. Lap “Bəxt Üzüyü”ndə Moşunun uşaqları Rasimin gətirəcəyi filmi gözlədiyi kimi...
Bu dəfə Hindistan filmlərindən yox, ölkəmizdə keçirilən Hindistan sərgisindən danışacam.
Hindistan sərgisi ilk dəfə ölkəmizdə 10 il bundan qabaq keçirilib. Aldığım məlumatlara görə, festvalın keçirildiyi ilk illərdə satışa gətirilən məhsullar həqiqətən də çox keyfiyyətli olub.
Amma indi...
Azərbaycanda keçirilən Hindistan sərgisi haqqında universitet illərimdə Şahrux Xanın fanatı olan qrup yoldaşımdan tez-tez eşidirdim. Hər dəfə bu sərgi keçiriləndə Ayşən Şahrux Xanın fanatları ilə birlikdə az qala sərgi bitənə qədər orada olurdu.
Axı o hindistanlı ulduzun fanatıdı...
Hər dəfə də o sərgiyə gedəndə mütləq mənə də onunla getməyi təklif edirdi. Lakin ondan fərqli olaraq mən nə Hindistan aşiqi idim, nə də Şahrux Xan...
Amma ötən gün mən də o sərgidə iştirak etməli oldum...
Düzünü desəm, müşahidə etdiklərim məni heç də xoşbəxt etmədi. Çünki hind filmlərində olan qeyri-adi heç nə yox idi.
Axı belə təsəvvür etməmişdim...
Belə ki, nə xanımlarının geyindiyi sarelər, nə də ki, rəqs edən oğlanları gözəl idi.
Sərgi Bakıda Əl oyunları sarayında martın 28-dən başlayaraq aprelin 3-nə qədər keçirilir.
Mən ünvana çatanda giriş qapısının ağzında xeyli adam toplaşmışdı və davul səsləri gəlirdi.
Bunu görəndə düzü, bir az xoşbəxt oldum ki, deyəsən yaxşı olacaq.
Amma bu düşüncəm sadəcə içəri keçənə qədər çəkdi. Elə saraya daxil olduğum andan mən bura niyə gəldim ki, dedim.
“Rəngarəng” Hindistan sərgisində ən rəngli və gözəl olan tavana asılan şarlar idi ki, ondan bizdə də var...
Hə, Hindistan ab-havasından çox qarışıq avtovağzal bazarına oxşayan sərgidə qiymətlər də baha idi.
Bir sözlə sərgidə həm hər şey var idi, həm də belə baxanda heç nə yox idi.
Xüsusi səhnə də var idi, ara türk, ara hind mahnıları qoyurdular. Hindistan sevərlərin dediyinə görə, əvvəllər heç vaxt belə bir şey olmayıb. Bu yalnız... Nəysə, işimiz nə siyasətdi, nə də müharibə.
Hindistan sərgisindən danışırıq...
Fanatlar qeyd etdilər ki, ilk günlər sərgidəki məhsullar baha olsa da, son gün çox ucuzlaşır.
Onu da nəzərinizə çatdırım ki, bu il keçirilən sərgidə Hindistandan Pəncab və Malayalımlar iştirak edir.
Sərgidə qolbaqlar, boyunbağılar, sırğalar, kosmetik vasitələr, hind xınası, düyü, enerji daşları, onların hər zaman gördüyümüz yemək nimçələri...
Bayaq qiymətlərin baha olduğunu dedim. Hə deməli, əgər siz qaşı düşmüş, heç gözəl olmayan bir qolbaq almaq istəyirsinizsə, ən az 6 manatınızdan keçməlisiniz. Düzü, heç buna dəyməz də...
Qolbaqların qiyməti 2-15 manat arasında dəyişir
İstəyirdim ki, oradan özümə xatirə qalacaq nəsə alım. Aldığım tək şey papaq oldu, deyilənə görə o papaq da bizdə istehsal olunurmuş...
Sərgini bəyənməsəm də, çox adam var idi. Addım-addım irəlilədikcə, qızların əllərinə hind xınası çəkdirməsini, bəzilərinin hind paltarı geyinib rəqs etməsinin və Azərbaycan toylarında ayıb olmasın deyə ya da oğlan qohumu, sevgilisi, tanışı olmayan iki qızın vals oynadığı yetmirmiş kimi, onlardan orada da var idi...
Sərgidə əlinizə xına qoydurmaq istəsəniz 5 manatınızda keçməlisiniz
Hə, ciddiyəm. Onlar hər kəsin içində iki qız hind mahnısına vals oynayırdılar.
Bu utancverici anlardan yan keçib gedirik düyü və çayla maraqlanan insanların yanına.
Düzü, düyüdən açıq şəkildə baxmaq üçün qoymuşdular. Amma mənə elə gəldi ki, həmin düyülərin yalnız torbaları dəyişib. İçərisindəki düyü isə elə bizim mağazadan aldığımız düyülərdəndir...
Onu da deyim ki, düyülərin qiyməti 55-65 arasında dəyişirdi. Çayların qiyməti isə 40-45
Daha bir az qabağa gedəndə isə səhnədə bir oğlanın rəqs etdiyini görürdük... Onun da deyəsən mənim kimi, rəqslərdən heç xəbəri yox idi...
Ətrafı müşahidə edəndə isə məhsul alandan çox şəkil çəkdirən insanları görmək olurdu. Yəni, şəkil çəkdirirdilər, amma almırdılar. Bəlkə də heç haqsız deyildilər... Kim bilir.
Hind başmaqları elə tam onlara məxsus idi. Onların qiyməti isə o qədər də baha deyildi... 20-25 manatvarsında dəyişir.
Bildiyimiz kimi, Hindistanda qızlarının geyimlərinin əsas hissəsini uzun və enli şallar, yəni dupattalar təşkil edir. Sərgidə onlardan da satılırdı. Qızlar onu boyunlarına asır.
Uzun və müxtəlif növ xüsusi işləməli parça materialların xüsusi şəkildə dolanaraq geyim halına salınması, yəni sarelər isə yox idi. Ya artıq satılıb qurtarmışdı ya da ümumiyyətlə gətirilməmişdi.
Hə, unutmadan hind qızlarının taxdığı o rənbərəng çantalardan da var, qiyməti də 15 manat.
Sərgiyə gedəndə Hindistana aid nəsə almaqdan çox, nəsə yeyərəm deyə düşünmüşdüm. Amma o da olmadı. Çünki yalnız Hindistan çayı var idi. O da 5 manat. Artıq sərgini tərk edəndə düz sarayın içində sərgidən çıxan insanların çay içdiyini gördüm. Dedim bəlkə Hindistana aid şirniyyat və yaxud da yemək olar. Bunu soruşanda isə cavabları belə oldu:
“Xanım, biz hindistanlıya oxşayırıq?”
Bax, belə...
FOTO: Sabir Məmmədov