Nəsimi rayonunda narkotiklərin satışını həyata keçirən və özəl tibb müəssisələrində həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıblar
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri satmaq məqsədi ilə qəbul edib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər törətməsi istisna edilmir.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.