1902-ci il martın 15-də “Nyu-york Tayms” öz səhifələrinin birini bu hadisəyə həsr etmişdi. ABŞ-ın bu məşhur nəşri min kilometrlərlə aralıda yerləşən çar Rusiyasının bir əyalət şəhərinə diqqət ayırmışdı.
Bu da səbəbsiz deyildi. Çünki bu qədim Azərbaycan şəhəri demək olar ki, yer üzündən silinmişdi. Minlərlə insan həlak olmuşdu. Hə, qəzet onu da yazırdı ki, zəlzələ o qədər güclüydü, hətta ondan 70 mil aralıda yerləşən Bakıda belə hiss olunmuşdu
Düz, 120 il əvvəl bu gün, yanvarın 31-də nəinki Azərbaycanda, dünyada ən dəhşətli zəlzələlərdən biri baş vermişdi. Şamaxını, bu qədim Azərbaycan yurdunun daşını daş üstə qoymamışdı.
Əslində, 1806-1902-ci illər ərzində şəhərdə 9 güclü zəlzələ baş vermişdi. 1859-cu ildə baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə dağılmış, çoxlu sayda insan həlak olmuşdu. Məhz bundan sonra Şamaxı quberniyasının mərkəzi bu şəhərdən Bakıya köçürülmüşdü. Həmin hadisədən sonra Şamaxıda tədqiqatlar aparan alman geoloqu German Abix bu ərazidə daha güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu da vermişdi.
Və bu an alman aliminin verdiyi proqnoz 43 il sonra təsdiqləndi.
***
Həmin gün, 1902-ci il yanvar ayının 31-i gündüz saat 12 radələrində hava günəşli və şaxtalıydı. Əkinçi əkinində, baqqal dükanında, mollası mədrəsəsində. Və birdən…
Əvvəlcə yerdən dəhşətli, qulaqbatırıcı bir uğultu eşidilir. Sonra isə necə deyərlər, yer-yerindən oynayır. Bir anın içində 22 min nəfərin yaşadığı bu qədim şəhərin altı üstünə çevrilir. Ətrafı toz-duman alır. Və elə o toz-duman çəkiləndə məlum olur ki, evlərin dağıntıları arasında 3 minə yaxın insan həyatın itirib, minlərlə insan yaralanıb. İyirmi minə yaxın insan evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan yerlə yeksan olub. Ən dəhşətlisi odur ki, bu hadisədən sonra minlərlə insan şəhərdən qaçmağa başlayıb. Hamı elə zənn edirmiş ki, artıq “Qiyamət günü” yetişib.
Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsinə dərhal başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu. Alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların səbəbi təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsiydi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.
Zəlzələdən sonra hökumət rəsmiləri əhaliyə yardım etmək üçün əraziyə gəlmişdilər. Sankt-Peterburqda çap olunan “Niva” jurnalı hadisəni geniş işıqlandırmışdı. Fevralın 5-də isə “Kaspi” qəzeti yazırdı: “Şəhərin aşağı və orta hissəsi, yəni, tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey - məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri - hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi. Rus-tatar məktəbi uçub. Şamaxının yuxarı hissəsi - erməni məhəlləsi də dağılıb və cəmisi 30-40 ev salamat qalıb. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib. Bu hissədə küçələr enli olduğundan ölənlər azdır. 30 erməninin və 200 müsəlmanın cəsədləri çıxarılıb. Hesablamalara görə, uçqunların altında hələ 2 min adam qalmaqdadır.”
Yeri gəlmişkən, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb oldu. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anın içərisində məhv oldu.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının Lent.az-a bildirdiyinə görə, o zamanlar Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşları bu zəlzələdən sonra 3 seysmometrin alınıb Bakıda və Şamaxıda quraşdırılmasına qərar veriblər.
Bununla da Azərbaycanda instrumental seysmik müşahidələrə başlanılır. “Ölkəmizdə seysmoloji tədqiqatların tarixi də məhz həmin vaxtdan başlayıb. Artıq o gündən bu günə düz 120 il keçib və bu gün ölkəmizdə həm seysmoloji, həm geofiziki, həm geodinamik, həm de geokimyəvi tədqiqatlar aparılır. Azərbaycandakı seysmik stansiyalar hazırda peyk rabitəsi ilə işləyir. Zəlzələ məlumatlarının emalında ən müasir texnologiyalar və proqramlar tətbiq olunur. Ölkəmiz seysmologiyanın inkişafı sahəsində dünya ölkələrinin arasında ilk beşlikdə yer tutur”.