Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyası
26 aprel 2021 21:21 (UTC +04:00)

Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyası

"Fəlakətin miqyasını təsəvvür etmək çətin olacaq" - Nazirlikdən "Metsamor" XƏBƏRDARLIĞI

1976-cı ildən köhnəlmiş texnologiya əsasında işləyən Metsamor AES-in  fəaliyyəti  seysmik zonada yerləşən bir obyekt kimi ətraf mühitə və insan sağlamlığına ciddi mənfi nəticələrə səbəb ola bilər. 

APA xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyası (Espoo Konvensiyası) üzrə milli əlaqələndirici Aysel Rzayeva Çernobıl faciəsinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar  açıqlama verərkən bildirib.

“Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən 60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir”.

Espoo Konvensiyası üzrə milli əlaqələndirici qeyd edib ki, Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanmışdı, lakin Ermənistan hökuməti enerji çatışmazlığını bəhanə gətirərək 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidinə baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.

“Hazırda Metsamor AES istismar müddətinin bitməsinə baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət etmədən daha artıq güclə fəaliyyət göstərir. Bu gün köhnə Sovet texnologiyası olan belə qoruyucusuz nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək olar ki, Avropa ölkələrində 50-60-cı illərdə istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti 2015-ci ilədək dayandırılmışdı. Artıq 3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən başlayan ölkələr sırasında Yaponiya, Çin, BƏƏ və bu köhnə texnologiyalardan istifadə etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli həllər, xüsusilə soyutma sistemində sudan imtina və əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin azaldılması, eləcə də gücləndirilmiş texniki təhlükəsizlik standartları önəmlidir. Hazırda beynəlxalq texniki standartlara cavab verməyən Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı ekoloji təsirləri müəyyən etməkdə də ciddi narahatlıqlar yaradır. Halbuki, bu sahədə geniş beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik standartlarının əsas baza prinsipi kimi şəffaflığın artırılmasının zəruriliyi barədə həyəcan təbili çalmışdır. Təəssüf ki, bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində aparılmış tədqiqat nəticələri, AES-in texniki status göstəriciləri, eləcə də formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar açıqlanmır və onların aqibəti barədə dəqiq məlumatlar yoxdur.”

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir.

“Bu Konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır.

Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb”.

A.Rzayeva onu da qeyd edib ki, Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar