Dünyada aclıq təhlükəsi: Buğda və bitki yağları...
15 aprel 2022 15:43 (UTC +04:00)

Dünyada aclıq təhlükəsi: Buğda və bitki yağları...

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) liderləri dünya ölkələrini böyük qlobal böhranlar səbəbindən aclıq təhlükəsi ilə mübarizəyə kömək etmək üçün təcili tədbirlər görməyə çağırıblar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Birgə bəyanat Beynəlxalq Valyuta Fondunun saytında dərc olunub.

Təşkilatların rəhbərləri vurğulayıblar ki, Rusiyanın Ukraynadakı əməliyyatı ilə bağlı hadisələrlə yanaşı, müxtəlif ölkələrdə insanlar hələ də artıq üçüncü ildir ki, COVID-19 pandemiyası, eləcə də iqlim dəyişikliyi ilə üzləşirlər.
 
“Bahalaşan əsas məhsulların qiymətləri və qıtlıq bütün dünyada ailələrə təzyiq göstərir, milyonlarla insanı yoxsulluğa sürükləyir”, - bəyanatda deyilir.

Ərzaq idxalından çox asılı olan ən yoxsul ölkələr ən çox risk altındadır, lakin orta gəlirli ölkələr də getdikcə daha həssas olurlar.

Dünya Bankı hesab edir ki, ərzaq inflyasiyasında bir faiz bənd artım qlobal miqyasda yoxsulluq həddində yaşayan insanların sayını 10 milyon nəfər artırır.

BVF, ÜTT, Ümumdünya Ərzaq Proqramı və Dünya Bankının rəhbərləri həmçinin ölkələri ticarət açıqlığını qoruyub saxlamağa, ərzaq və gübrə ixracına qoyulan qadağalardan çəkinməyə çağırıblar ki, bu da əhalinin ən həssas kateqoriyalarının problemlərini kəskinləşdirəcək.
 
Aprelin əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Tsoy Dunyuy Rusiyanın Ukraynada xüsusi əməliyyatı nəticəsində ərzaq təhlükəsizliyinin və əhali üçün yanacağın əlçatanlığının azalması fonunda dünyada kənd təsərrüfatı istehsalının azalacağını proqnozlaşdırmışdı.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mart ayı indeksinə əsasən, dünyada ərzaq qiymətləri birdən-birə 12,6 faiz artaraq rekord həddə çatıb.
 
Buğda və bitki yağları kimi əsas ərzaq məhsullarının qiymətinin belə sürətlə artması bütün dünyada istehlak xərclərinin kəskin artmasına səbəb olur. Böhran əhalinin ən yoxsul təbəqələri üçün xüsusilə zərərlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993
avatar

Oxşar yazılar