Şahanə Quluzadə
26 dekabr 2020 13:50 (UTC +04:00)

Şahanə Quluzadə

"Dedi, o quzubala deyil, polkovnik-leytenantdı..." - Tibb bacısı muharibə xatirələrini danışır

“Quzubala, bir ehtiyacın olsa de ha. Quzubala, özünün necə hiss edirsən? – deyə yaralıya müraciət edən tibb bacısı haqqında sosial şəbəkədə də paylaşım etmişdim və çox böyük səs-küyə, alqışa səbəb olmuşdu. Hamı bu tibb bacısına əhsən söyləmişdi şərhlərdə. Həmsöhbətim həmin tibb bacısıdır - Şahanə Quluzadə.

Şahanə Quluzadə Bakıda doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Mülkü müdaifədə cərrahiyyə tibb bacısı ixtisasına da orda yiyələnib. Təhsil aldığı vaxt, 1993-cü ildə ildə təcrübəsini hərbi hospitalda keçib. Demək, döyüş vaxtı tibb bacısı kimi fəaliyyət göstərməyin təcrübəsini görüb artıq.

Bəs necə oldu döyüş bölgələrinə yollandı? – bu barədə Lent.az-a Şahanə xanımın özü danışır.

 

- Universiteti bitirəndən sonra tərcüməçi işləyirdim. Sonra ikinci təhsil aldım və illərdir təchizatçı işləyirəm. İşimiz bölgələrdə olur əsasən. 27 sentyabr mənim doğum günümdür, ad günümü qeyd etməyə hazırlaşırdıq.  Həmin gün səhər eşitdik ki, müharibə başlayıb. Dostlar dedilər, bu da sənə təbrik, amma doğrudan da mənim üçün təbrik idi. Həmin gündən oğullarımız işğalda olan torpaqlarımızı azad etməyə başladılar. İndiyə qədər heç  kimə belə ad günü hədiyyəsi olunmayıb.

Müraciət gəldi ki, hospitala yaralılar gəlir və onlara kömək lazımdır. Mən düşünmədən getdim, məndən başqa da gedənlər oldu, getdik və başladıq işə. Anama zəng etdim, anamla yaşayıram mən, olmasam tək qalır. Dedim ana, bağışla, səni tək qoydum, anam dərhal dedi ki, sən get, kömək elə, məni düşünmə. 

 

- Harda başladınız fəaliyyətə?

 

- Naftalan, Tərtər, Suqovuşan tərəflərdə, xəstəxanaların adını deyə bilmərəm.  Bəhruz Məmmədov, Ayxan həkim, Museyib, Könül həkim, Nizami həkimlə bir yerdə işləyirdik, soyadlarını bilmirəm təəssüf ki. Bunlar hərbi həkimlər deyildilər, könüllü gələn mülki həkimlər idilər. Mingəçevirdən bütöv bir komanda vardı. Kuratorumuz İftixar həkim idi, Zeynalov. İmran həkim də bizmlə işləyirdi, birinci Qarabağ döyüşlərinin qazisidir İmran həkim.

 

- O maraqlı olaydan danışaq...

 

- Dörd nəfər yaralı olan bir palataya təhkim olunmuşdum. Biri çox ağır vəziyyətdə idi, gözləri görmürdü. Gedib-gəlib, onun qara qıvrım saçlarını tumarlayıb, quzubala, bir ehtiyacın yoxdur ki? - deyə soruşurdum. Düzü, qıvrım saçları qardaşımı xatırladırdı mənə. Onlar əslində hamısı qardaşlarımızdır, bunun həm də digərlərindən daha çox qayğıya ehtiyacı vardı. Birdən nə isə istəyərdi, gedə bilmir, deməyə də utanar-düşünürdüm. Bir dəfə, iki dəfə belə müraciət etdim buna, axırda yan çarpayıdakı yaralı dedi ki, xanım, o quzubala deyil e, polkovnik-leytenantdı, bizim komandirdi. Dedim eybi yox, sizin komandirdi, mənim üçün hamınız eynisiniz.

 

- Sağaldı o polkovnik-leytenant?

 

- Bəli, sağaldı, gözləri açıldı. Şükür ki, bizə gətirilən bütün yaralılar sağaldı. Bizə birbaşa döyüşdən gətirilirdi, ilkin tibbi yardım göstərirdik, həyati təhlükənin qarşısı alınırdı. Saatlarla cərrahlarımız əməliyyatlardaan çıxmırdılar.

Əməliyyat olunurdu, yəni vəziyyətdən çıxarılıb, ehtiyac olarsa Bakıya, Gəncəyə, Yevlağa  göndərilirdi, yoxsa, sağalıb yenidən döyüşə qayıdırdılar.

Bir az kədərli bir hadisə danışım sizə. Yəqin eşitmisiniz, bu alçaq düşmən  qadağan olunmuş silahlardan istifadə edirdi bizə qarşı. Bir yaralı gətirilmişdi, tamam yanıb. Açıq yerlərinin hamısı yanıb də, paltar bir az bədənini qoruyub, nisbətən. Açıq yerləri isə bişib sözün əsl mənasında. İynə vurmuşuq ki, hiss etməsin, dərisi soyulmalıdır, amma yenə hiss edir, özündən də getmir, dözür adam. Xüsusi dərmanlarla dərisini soyuruq, təbii ki, incidir. Qolumdan tutub inildəyir ki, eləmə, incidir. Nə söymək, nə hirslənmək yoxdur, xahiş edir ki, incitməyin. Soruşur ki, çox yanmışam? İndi nə deyəsən, tamam yanıb adam, sima bəlli deyil.

Deyirik yox, yaxşı olacaqsan. Deyir ki, yox, aldadırsınız məni, hiss etmirəm üzümü. Mən batdım, məhv oldum. Elə demə-deyirik, noolub ki, sənə. Deyir mən nişanlıyam, siz bilmirsiniz o nişanı qaytaracaq, kim bu sifətə baxa bilər. Başladıq buna zarafat etməyə ki, necə yəni baxmayacaq, gözəl oğlansan. Yanımdakı tibb bacısı İlhamə çox gözəldi gəlib ya onu, ya da məni alarsan. İlhamə deyir ki, yox, Şahanə sənin şansın yoxdur, mənim saçlarım sarı və gözlərim mavidir-məni seçəcək. İçimiz ağlayırdı, amma özümüzü sıxıb belə zarafat edirdik onunla. Axırda onu sakitləşdirə bildik, nisbətən.

Belə hallar çox olurdu. Biz ruhdan düşsəydik, bu, onlara sirayət edərdi. Ona görə hamımız Qarabağ deyə yüksək ruhla çalışırdıq. Əsgərin ruhu göylərdə idi, hamımız elə idik. Yaralı özünə gələndə özünü, əlini, qolunu soruşmurdu. Soruşurdu ki, filan yeri-uğrunda döyüşdükləri yerləri soruşurdu-aldıq? Qardaşlarım sağ-salamatdır, şəhidimiz yoxdur? –soruşurdular. Bir ailə idik, sanki, hamısı doğmalarımız idilər. Həkimlər bilirsiniz nəyin davasını edirdilər, kim növbədə qalacaq, onun davası gedirdi. Hamı qalmaq istəyirdi. Özgə vaxt işdən tez çıxmağa çalışar adam. Getmirdik, oturduğumuz yerdə yuxumuzu alıb, dururduq. Getmirdik ki, birdən yaralılar gələr, həkimlər çatdıra bilməz.

 

- Yerli əhali necə?

 

- Hospitalın qabağında qalırdılar. Uşaqlar girib içəri özlərini öldürürdülər ki, bizi qovmayın, kömək edək sizə.

Ac-susuz işləyirdik. Əsgərin payına əlimizi uzatmaağı özümüzə qəbahət bilirdik. Sularından belə içməyə ürək eləmirdik. Özümüz gətirdiklərimiz olsa yeyərdik, olmasa yox. Deyirdilər ki, əsgərlər yeyib, artıq qalıb, siz də yeyin. Əməliyyatlar ardıcıl olurdu, imkan da tapmırdıq.

İş prosesində barmağımı kəsmişdim, hələ də izi qalıb. Böyük kəsik deyildi, amma qanaxma dayanmırdı. Əlcək taxıb işləyirəm, görürəm əlcək qanla dolur, üstündən birini də taxıram, arada dəyişirəm, amma yaranı işləməyə vaxt olmur.

Günorta Leyla xanım gördü ki, əlim hələ də qanayır. Dedi gəl tikiş ataq, dedim yox, vaxt yoxdu. Dedi onda iynə vurum qan kəsilsin, qan itirirsən axı.

Leyla xanım mən yaralı əsgərlə məşğul ola-ola əlində iynə gəldi ki, gəl, iki dəqiqəyə vurm iynəni. Aldım iynəni onun əlindən və paltarın üstündən özümə vurdum. Əsgər gözləri bərəlmiş halda baxır mənə. İkinci əsgər isə onun yarasına baxacağımızı gözləyirdi. Qayıtdı ki, mənə siz baxmayın. Niyə?-soruşdum.

Ayaq üstündə özünə paltarın üstündən iynə vuran adam, gör bizə neyniyər - deyib güldü. Gərginlik hiss etmirdik, ruh o qədər yükəsk idi ki, başqa heç nə düşünmürdük.

 

- Bu arada da sizi işdən çıxarıblar, eşitdim?

 

- Uzun zaman işdə olmadım deyə, məni ixtisara saldılar. Problem deyil, təki əsgərlərimiz yaşasın, var olsun. Mənim atam Ağdamdandır, torpaqlar işğalda olanda dünyasını dəyişdi. Vəsiyyət etdi ki, mənim üstümə daş qoymayın. Ancaq o zaman  qoyarsınız ki, Ağdam azad olunar, aparıb orda dəfn edərsiniz məni, o zaman üstümə daş da qoyarsınız. Mən onlara, Ali Baş Komandana ona görə minnətdaram ki, atamı aparıb öz yurdunda dəfn edəcəm və nəhayət, o rahat yatacaq öz torpağında. İllərdir mən bu vəsiyyəti yerinə yetirə bilmərəm deyə fikir çəkirdim.

 

- Allah rəhmət etsin. Birdən o yanan oğlanın nişanlısı nişanı qaytardı və o da gəlib sizi tapdı?

 

- Mümkün deyil, bizm xanımlar elə iş görməz. Bizim xanımlar qəhrəmanı sevər, onu atmaz.

 

P.S. Müsahibim "orda şəkil çəkdirmək yadımıza düşməyib" - deyə şəklə görə oxucuya üzrxahlıq etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30768

Oxşar yazılar