Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu Lerik rayonunda azyaşlı şagirdə təcavüz edərək hamilə qalmasına səbəb olan təqsirkara cəmi 1 il cəza verilməsi məsələsi ilə bağlıdır.
Bəs təqsirləndirilən şəxsə 1 il cəza verilməsi nə ilə bağlıdır və doğrudurmu?
Məsələ ilə bağlı Lent.az-ın sualını hüquqşünas Şamil Paşayev cavablandırıb və təqsirkara bir il cəza verilməsinin haqlı narazılığa səbəb olduğunu bildirib.
Şamil Paşayevin sözlərinə görə, təqsirləndirilən şəxsə bir il cəza verilməsi bu işin 152-ci maddə ilə istintaq olunması ilə bağlıdır: “152-ci maddə 16 yaşına çatmayan şəxslə cinsi əlaqəni özündə ehtiva edir. 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Və təqsirkarla zərərçəkmiş arasında cinsi əlaqə könllülük əsasında baş verir.
Amma sosial mediada hadisənin zorlama olması bildirilir. Konkret hadisə ilə bağlı məsələyə dərindən bələd olmaq zəruridir. Ancaq həqiqətən sosial mediada yazıldığı kimi şagird əqli qüsurlu, psixloji durumu yerində deyilsə, onunla baş vermiş cinsi aktın ruhi fəaliyyətinin pozulmasına görə mənasını və xarakterini anlamamışdırsa, habelə anlasa da ona müqavimət göstərmək iqtidarında olmamışdırsa, bu əməl köməksiz vəziyyətdən istifadə etməklə zorlama kimi qiymətləndirilməlidir.
Zorlama isə ağır cinayətlər koteqoriyasına aiddir”.