Birləşmiş Millətlər Təşkilatı müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq video-konfrans-məsləhətləşmə keçirilib.
Konfrans BMT Baş katibinin COVİD - 19 problemi ilə əlaqədar din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında təşkil olunub. Beynəlxalq tədbirin təşəbbüs qrupu - BMT-nin İnsan hüquqları üzrə Baş komissarı Mişel Baçelet, BMT Sivilizasiyalar alyansının Yüksək Nümayəndəsi Angel Moratinos və BMT Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Diengin birgə dəvət məktubuna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfrans-məsləhətləşmədə iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında BMT Baş Katibinin 11 aprel çağırışının və müxtəlif din mənsublarının COVİD-19 təhlükəsinə qarşı səfərbər olmalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərinin pandemiya elan olunan kimi bir araya gələrək kütləvi dini ibadətlərin müvəqqəti olaraq dayandırılması haqqında müştərək qərar verdikləri və Ramazanın müqəddəs İftar süfrəsi ətrafında qardaşlıq mərasimində dini konfessiyaların rəhbərləri ilə birgə dualar etdikləri barədə məlumat verib.
QMİ sədri Azərbaycan dövlətinin özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə etdiyini, dövlət başçısı İlham Əliyevin fədakarlığını xüsusi qeyd edərək, onun siyasi iradəsi və fövqəladə səyləri ilə ölkəmizdə insan tələfatı və yoluxma hallarının ən minimal səviyyədə olduğunu bildirib, dövlət tərəfindən başqa ölkələrə humanitar yardımların göstərildiyini, bu dönəmdə BMT, ÜST ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb.
Şeyxülislam erməni təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, BMT-nin 4 məlum qətnaməsinə baxmayaraq, işğalın davam etdiyini və bu səbəbdən həmin ərazilərdə pandemiya dövründə nəzarətin imkanlarımız xaricində olduğunu qeyd edib.
QMİ sədri BMT səviyyəsində Moratinosun və Diyengin cəmiyyətləri qarşıdurmaya və dağıdıcı aqressiv hərəkətlərə yönləndirən nifrət çağırışları əleyhinə birgə bəyanatlarını dəstəklədiyini və buna dair mövqenin Dünya Dini liderlərinin II Bakı Sammitində irəli sürüldüyünü və KAİCİİD Beynəlxalq Mərkəzinin bu yaxınlardakı videokonfrans formatlı sessiyasında müzakirə olunduğunu diqqətə çatdırıb. Şeyxülislam bildirib ki, pandemiya, epidemiyalar aradan qalxacaq, lakin nifrətə çağırışın fəsadları, mənəviyyata vurduğu zəhərli yaralar yeni münaqişə və müharibələrə səbəb olmaqdadır.
QMİ sədri problemin qlobal xarakterini nəzərə alaraq, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin bu mövzuda din xadimləri, elm, ictimaiyyət nümayəndələri ilə birlikdə beynəlxalq səviyyəli tədbir keçirmə niyyətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir və BMT tərəfindən irəli sürülən təşəbbüslə uzlaşır.