Yanvarın 1-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların sayı artır.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Bu hal texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə də şamil olunacaq.
Başqa sözlə, qanuna əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.