Son günlər sosial şəbəkələrdə Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt reyslərindən şikayət edənlərin sayı çoxalıb. Sözü gedən reyslərdən istifadə edən sərnişinlər, əsasən pik saatlarda fəaliyyət göstərən qatarların sıxlığından narazıdırlar.
APA TV xəbər verir ki, xüsusi sərtləşdirilmiş karantin dövründə, sərnişin azlığı nəzərə alınaraq qatarlarda vaqon sayı azaldılmışdı. Son bir ay ərzində isə, karantin rejiminin yumşadılması ilə, məktəblərin, universitetlərin yenidən ənənəvi tədrisə keçməsi sərnişin sayının çoxalmasına səbəb olub. Bəs bütün bunlar nəzərə alınaraq, qatarlardakı vaqon sayı artırılıbmı?
Şəhərdə apardığımız qısa sorğu zamanı şahid olduq ki, sakinlər ən çox qatardakı reyslərinin azlığından şikayətçidirlər.
Sərnişinlər qatarın cədvəlinin, qrafikinin düz quraşdırılmadığını deyirlər. Onların sözlərinə görə, qatarın ikisi səhər saatlarında 8-ə qalmış, digəri isə 8-də yola düşür. Növbəti qatar isə 9 tamamda gedir. Arada 40 dəqiqəyə yaxın interval var. Bu gecikməyə və sərnişin sıxlığına səbəb olur. Bu da pandemiya qaydalarına ziddir. Heç olmasa səhər saatlarında reys sayını artırsalar, bu qədər qaça-qaç və sıxlıq olmaz.
Sərnişinlərin qatardakı mobil şəbəkə problemindən də narazılıqları var.
Ən vacib məqam odur ki, günün ikinci yarısında ümumiyyətlə qatar reysi yoxdur.
Sərnişinlərin danışdığı mətləbləri gözümüzlə görmək üçün özümüz də sürət qatarı ilə getməyə qərar verdik. İlk gördüyümüz mənzərə insanların xaotik durumda qatara çatmaq üçün tələsmələri və qaçmaları oldu. Qatara daxil olmaq isə, ayrı bir problemdir.
Sərnişinlər nəinki əyləşməkdə, hətta ayaq üstdə dayanmaqda belə çətinlik çəkirlər. Mənzərə onu göstərir ki, nə pandemiya qaydaları, ümumiyyətlə sərnişindaşımanın qaydalarından danışmağa dəyməz.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət elədik. Qurumdan bildirildi ki, monitorinq qrupları tərəfindən müşahidələr davam etdirilir: “Sərnişin sıxlığının aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hazırda qatarların hərəkət qrafikinin optimallaşdırılması üzərində iş aparılır. Hərəkətin intensivliyini təmin etmək üçün gələcəkdə qatar sayının artırılması da planda var” - deyə qurumdan bildirildi.
Görünən isə odur ki, Bakı-Sumqayıt yolunun tıxac probleminin yüngülləşdirilməsinə hesablanan sürət qatarının özü də insan tıxacında əlacsız qalıb.