Sabah hava necə olacaq?
Azərbaycanda bu il üçün soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
İşlərin dayandırılması üçün hava şərti
Qarlı-şaxtalı hava ilə əlaqədar bir sıra universitetlər sabah dərslərin onlayn formada keçiriləcəyini elan edib. Digər tərəfdən, soyuq hava ilə əlaqədar hansı hallarda bütün növ işlərin dayandırılmalı olması ilə əlaqədar suallar ortaya çıxmaqdadır.
Soyuq havada işlərin dayandırılması üçün - 10 dərəcə şərti var
Əmək Məcəlləsinə əsasən, havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.
Fasiləsiz istehsal müəssisələrində iş necə təşkil olunur?
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
İşlərin dayandırılmasında külək amili
Milli Hidrometeorologiya Xidməti fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Başqa sözlə, küləyin sürətinin ballarla ölçüldüyü Bofort şkalasına əsasən, mümkün ən güclü küləyin sürəti 12 bal ola bilər. Küləyin sürəti müxtəlif effektlərlə əlaqələndirilir. Ancaq ümumilikdə, Bofort şkalasında küləyin sürəti 5–7 m/san olarsa, 4 bal sayılır. Küləyin sürəti 12–15 m/ san olarsa, 7 bal, 18–21 m/san olarsa, 9 bal, 29 m/san olarsa, 12 bal ola bilər. Yəni sabah küləyin gücü 3 baldan yuxarı olacaq.
Sabah dağlıq rayonlarda açıq havada işlər dayandırıla bilər
Beləliklə, qanunvericilik soyuq havada qapalı məkanlarda işlərin dayandırılmasını nəzərdə tutmur. Yalnız havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırıla və ya işçilərə isinmək üçün fasilələr verilə bilər.
Bir sözlə, sabah yalnız 13-18 dərəcə şaxta olacaq dağlıq rayonlarda açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir.