“Azad təbiətimiz” mövzusunda tədbir keçirildi - FOTO
23 fevral 2023 17:00 (UTC +04:00)

“Azad təbiətimiz” mövzusunda tədbir keçirildi - FOTO

Fevralın 23-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində “Azad təbiətimiz” mövzusunda  tədbir keçirilib. 

Lent.az-ın məlumatına görə, tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Gülruh Cəfərli, QHT və media nümayəndələri, gənclər iştirak ediblər. 

Təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunmasıdır. Ramiz Cürənov  layihə dövründə hazırlanan “Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri” mövzusunda araşdırma yazı barədə məlumat verib. 

Qeyd edək ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımız ekosidə, ermənilərin ekoloji terroruna məruz qalıb.  Bu proses hələ 1988-ci ildə  Topxana meşəsində başlayıb və 30 il işğal dövründə  261 min hektar meşə fondunda erməni vandalizmi davam edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra quruculuq işləri ilə paralel meşələrimizin bərpasına da start verilib.

Azad edilmiş ərazilərdə meşə fondunun, flora və faunanın bərpası əsas prioritetlərdən birini təşkil edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2026-cı ildə azad edilmiş ərazilərdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədlərinin müəyyən edilməsi prosesi başa çatmalıdır. İqtisadiyyat Nazirliyi bu məqsədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2025-ci ilə 180 xəritənin, 2026-cı ildə 219 xəritənin hazırlanmasını başa çatdırmalıdır. 

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Eləm və Təhsil Nazirliyi ilə birlikdə meşə fondunun inventarlaşdırılması və qiymətləndirilməsini təmin etməlidir, bunun üçün ərazinin 3D görüntüsü əldə edilməli, təsərrüfatdaxili sahələr ayrılmalıdır.  Bunun üçün meşə təsərrüfatının keçmiş fəaliyyətinin, meşələrdən istifadənin qiymətləndirilməsi 2025-ci ildə yekunlaşmalı, 2026-cı ildə  meşə fondu torpaqlarının hüdudlarının müəyyənləşdirilməsi, plan- kartoqrafik materialların tərtib olunması başa çatmalıdır. 2022-ci ilin arxada qaldığını nəzərə alsaq, paralel olaraq qarşıdakı 2023-2026-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 1 150 ha meşə əkini və meşə səpini işlərinin aparılmasını təmin etməli, bununla da azad edilmiş ərazilərdə məhv edilmiş meşə sahələrinin bərpası və artırılmasına nail olunulmalıdır.

Bu istiqamətdə işlərin görülməsinə isə artıq Zəfərdən sonra başlanıldığını xüsusi qeyd etmək lazımdır.  Prezident İlham Əliyevin tapşırığı ilə 44 gün ərzində qazanılmış Zəfərin birinci  ildönümündə  44 min ağac əkilməsi aksiyası keçirilib. Aksiya çərçivəsində  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər. Bununla da Qarabağda və Şərqi Zəngəzurda erməni ekosidinin başlandığı Topxana meşəsinin bərpasına başlanılıb. Bundan sonra Heydər Əliyev Fondunun  layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirilib.

2020-ci il dekabrın 3-də Zəngilanın Ağalı kəndində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib, palıd, Şərq çinarı və tut ağaclarının toxumları əraziyə səpilib. Bununla Zəngilanda ekoloji dayanıqlığın bərpasının başlanğıcı qoyulub. 2021-ci ilin dekabrında Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə daha 1000 ədəd ağac əkilib. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulub və bu layihə 2022-ci ilin payızında yekunlaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı statistikaya nəzər salsaq, hələ 2022-ci ilin martına qədər olan dövrdə Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox ağac tingləri əkilib.

Yazıçı-jurnalist, “Zəfərin iziylə” kitabının müəllifi Mirmehdi Ağaoğlu azad edilmiş ərazilərə səfəri, Ağdam və Kəlbəcərdə ermənilərin təbiətimizə qarşı ekosidi, Zəngilanda Çinar meşəsinin məhvi, Ermənistandakı sənaye müəssisələri tərəfindən Oxçuçayın ağır metallarla çirkləndirilməsindən danışıb.   

Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan və Ermənistanın işğalı zamanı bu kəndin dinc sakinlərin məşəqqətli mühasirə həyatından bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov işğal dövründə Kəlbəcərin fauna və florasına vurulan ziyandan söz açıb. 

Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri, Paralel qəzetinin baş redaktoru Akif Nəsirli işğal dövründə azad edilmiş ərazilərdə Metsamor Atom Elektrik Stansiyasının atom tullantılarının basdırılması barədə məlumatların yayılmasına diqqət çəkib və Ermənistanın bu gün qədər həmin tullantıların basdırıldığı məkanların xəritəsini Azərbaycana təqdim etmədiyini xatırladıb. Azərbaycanın su ehtiyatlarından  danışan  Akif Nəsirli  azad edilmiş ərazilərimizin su resurslarının böyük önəm daşıdığını vurğulayıb.

Təbdir müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar