Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu təmir sexlərinə yerləşdirilən avtomobillərin sığortalanması ilə bağlıdır.
Dəfələrlə avtomobil təmiri sexlərində yanğın olması və içəridəki avtomobilə də ziyan dəyməsi barədə məlumatlarla rastlaşmışıq. Belə hadisələr yalnız yanğınlarla kifayətlənmir. Maşını idarə edərkən baş verən qəza, avtomobilə hansısa zədə dəyməsi və s. də belə hallara nümunə ola bilər. Bu kimi hadisələrdə isə maşın sahibi ilə sex sahibi, yaxud usta arasında qalmaqal yaranır.
Görəsən, avtomobil təmir sexinə yerləşdirilərkən ustalar ilə sığorta müqaviləsi bağlanmalıdırmı?
Siğorta ekspertləri belə vəziyyətlərdə sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün bəri başdan müqavilə bağlanmasının vacib olduğunu bildirirlər. Ekspert, hüquqşünas Tural Şükürov Lent.az-a bildirib ki, bununla bağlı akt imzalanmalıdır:
“Avtomobil hansısa xidmət göstərən yerə təhvil verilərkən akt imzalanmalıdır. Avtomobilə vizual baxış keçirilməli və bütün xarici zədələr, qüsurlar həmin akta həkk olunmalıdır. Sonradan baş verən mübahisələri aydınlaşdırmaq üçün həmin aktın nüsxələri hər iki tərəfə verilməlidir”.