"APA GROUP"da  İlaxır Çərşənbə  - Elromanın papağına 10 manatı  kim qoydu?
18 mart 2025 16:50 (UTC +04:00)

"APA GROUP"da İlaxır Çərşənbə - Elromanın papağına 10 manatı kim qoydu?

Günlərdir ilk dəfə bayram əhval-ruhiyyəsini "APA GROUP"a daxil olanda hiss etdim. Girişdəki bayram xonçaları içəri tam milli ab-hava qatır.

Lent.az redaksiyasının qapısını açan kimi redaktorumuz Səbinə Əvəzqızının həmişəki kimi şən və bayram əhval-ruhiyyəli səsi otağı bürüyür. Redaksiya heyəti ilə bayramlaşırıq. Sosial media menecerimiz Elroman Əlizadə qollarını çirmələyib təklif edir: Bəlkə, papaq ataq? Səbinə xanım bu təkliflə ikiəlli razı olur:
- Papağınız var?
Bu günəşli yaz günündə yalnız bəxtəvər Elroman papaq taxa bilərdi - çoxdan keçəlləşməyə başlamış başını örtmək üçün. Bəli, kədərlidir...

İlk olaraq qonşu otağa - Kulis-ə papaq atırıq. Bir neçə saniyə sonra qapı açılır, Kulis-in redaktoru Ömər Xəyyam qızı ilə qapıdan çıxır. Səbinə xanım sevinir, elə bilir, sovqat olaraq o balaca gözəlliyi verirlər. Ömər Xəyyam qızının əlindən tutub bayıra çıxır.

Bir neçə saniyə keçir... Kulis-in baş redaktoru Ulucay Akif özünün "Bayılda axşamçağı" və Rəvan Cavidin "Mavi boyalı ev" kitabını şokoladlarla birlikdə papağa qoyub sovqatımızı verir. 

Mən şokoladlara, Səbinə xanım isə kitablara sevinir...

Növbəti döyülən qapı Vesti.az-ın redaksiyası olur. Səbinə xanım papağı atıb Vesti.az haqqında məlumat verir:

Vesti-nin əməkdaşı Maqda Kovaleva papaq əlində çıxıb bayram payımızı verir, təbrik edir. 

Papağı redaktorumuz Azər Hüseynbalanın stoluna boşaldırıq. Azər müəllim həmişəki kimi kompüter arxasında gərgin işlə məşğuldur. Hər dəfə papağı boşaltmağa otağa gəlməmək üçün müxbirimiz Xədicə Əfqan siyirməsindən sellofan klok çıxardır:
- Papağı bura boşaldaq.

Elroman papaq atmaq təklifindən peşman olmuş tərzdə şikayətlənir:

- Səbinə xanım, papağım bütün otaqları "süpürdü".
- Elroman, papağın vaxtı keçib, sən yaxşısı, kepka tax! - onu qıcıqlandırmağa çalışıram.

APA TV-nin Xəbərlər departamenti - Səbinə xanım papağı atıb qapını döyür. Xədicə video çəkir. Elroman aldığımız sovqatlardan yeyə-yeyə kamera arxasından Səbinə xanıma baxır.

- Elroman, yavaş ye, ağzının səsi kameraya düşür. - Xədicə onu kameradan uzaq tutmağa çalışır. 

Nəhayət, sovqatımız hazırdır. Papağı götürüb bayramlarını təbrik edirik.

Elroman papaqdan bir dənə fındıq götürüb atır ağzına:
- İndi hara papaq atırıq?!

Səbinə xanım papağı sellofana boşaldıb Marketinq departamentinin qarşısına gəlir. 
Mənim yepiskop, redaktorumuz Mehman Nəbiyevin çeçen papağına oxşatdığı papağı Molotov kokteyli kimi otağa atıb qapını bağlayır. Qapı içəridən döyülür və sakitcə papağı bayıra qoyurlar. 10 manat! Marketinq departamentinin özünəməxsus sovqatı.

Alma bir çox hallarda bolluq, bərəkət rəmzi kimi təsəvvür edilir. "APA Economics" şöbəsinin papağımızı özünəməxsus şəkildə almalarla doldurmasını həm də yeni mövsümdə iqtisadi inkişaf kimi də yozmaq olar.

"APA GROUP"un digər dillər üzrə redaksiyalarının yerləşdiyi otağa yaxınlaşırıq. Səbinə xanım onların gördüyü işin vacibliyi haqqında danışır. Papaq atıb gözləyirik. Qapıdan bir əl uzanır:

-Bayramınız mübarək!

APA TV-nin rəhbəri Orxan Məmmədli yanımızdan keçib otağına girir. O otağa girən kimi Səbinə xanım qapının ağzına gəlir. Orxan müəllim haqqında ürək sözlərini deyib papağı atır. Qapı açılır, Orxan müəllim əlində dolu papaqla çıxıb bayramımızı təbrik edir.

Sürücülərimizin qapısını döyürük. İçəridən sellofan xışıltısı eşidilir. Hiss olunur ki, sovqat yığırlar. Şirniyyat payımızı götürüb bayramlarını təbrik edirik.

İndi isə mətbəxə keçirik. Köməkçi xanımlarımızla bayramlaşmağa. Qapı açıq olduğu üçün Səbinə xanım papağı birbaşa aparıb masalarına qoyur. Bayramlarını təbrik edirik. Tez çantalarından şəkərbura, paxlava çıxarıb papağa qoyurlar. Təbrik edirlər.

Yuxarı mərtəbəyə qalxırıq. Mühasibat otağı. Səbinə xanım papağı atıb otaq haqqında danışmağa başlayır:
- Hər ay maaşımız bu otaqdan hesablanır... 
Elroman əllərini bir-birinə sürtür:
- Ən sevdiyim otaqdır bura!
Sovqatımzı alıb sellofana boşaldırıq. Artıq yarıdan çoxunu doldurmuşuq.

"APA GROUP"un baş redaktoru Nurşən Quliyevin otağına yaxınlaşırıq. Səbinə xanım Nurşən müəllimin ciddiyət və işə bağlılığına eyham vurur:
- Bir də gördüz, Nurşən müəllim papağın içinə işlə bağlı yeni tapşırıqlar qoyub verir. Papağı atıb qapını döyür. Nurşən müəllim bayram sovqatımızı verir. Papağın içində tapşırıqlar yox, şirniyyatlar var.

Növbəti stansiya - APA.  Səbinə xanım papağı atır. APA haqqında xüsusi danışır. Qapı açılır. Sovqat dolu papağı verib təbrik edirlər.

Verilən sovqatları görəndən sonra Elroman daha papağın dərdini çəkmir. 

İndi isə "APA Sport"a yaxınlaşırıq. Otağın işçiləri gözlənilmədən içəridən qapını açır.
- Keçin içəri, papaq atırıq! - Səbinə xanım ərklə qapını bağlayır.
Yenidən qapını döyüb papağı atır. Elroman növbəti uğursuz zarafatını edir:
- İstəyərsiz, papağın içinə top qoyub versinlər?
- Elroman, ora idman saytıdır, içəridə futbol oynamırlar. Qapı açılır və papağı ağzına qədər Novruz şirniyyatları ilə doldurub verirlər.

"APA TV"nin yaradıcı heyyət otağına gedirik. Papağımızı Novruz şirniyyatları, çərəzlərlə doldurub verirlər. Şirə olmasın deyə, papağın içinə salfetka da qoyublar. Buna ən çox Elroman sevinir.

İT departamenti - texniki problemlərimiz olan kimi müraciət etdiyimiz otaq. Bu dəfə qapısını bayram sovqatı üçün döyüb gözləyirik. Dəhlizdən İT departamentinin rəhbəri Emil Əmirov gəlib bizi "cinayət başında" yaxalayır. Bayramlaşırıq. Nəhayət, içəridən bayram sovqatımızı verirlər.

Son otaq qaldı - "APA GROUP"un baş direktoru Vüsalə Mahirqızının otağı. Səbinə xanım Vüsalə Mahirqızı haqqında ürək sözlərini deyir və papaq atır. Çərəzlər və şirniyyatla dolu papağı götürüb aşağı düşürük.

Elroman papağını əlində bərk-bərk tutub qoz-fındıq yeyir...

Lent.az-ın komandası: Söhbəti aparan və qapıları döyən - Səbinə Əvəzqızı, qələmə alan - Rəhman Mirzəlizadə, Elromanın papağı, videolentə alan - Xədicə Əfqan.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818

Oxşar yazılar