Dünyadakı təxminən 3500 ağcaqanad növündən yalnız bir neçəsi insan üçün təhlükəlidir. Məlum olduğu kimi, ağcaqanadın dişləməsi bədənimizdə müvəqqəti narahatlıq yaradır. Dəridə qaşınma və qızartı olur.
Lent.az xəbər verir ki, bəzi böçəklər insanları dişləmək üçün hədəfə alır, infeksion xəstəliklərin yayılmasında “xüsusi” rolu olur. Tədqiqatçılar qeyd edir ki, ağcaqanadların bir neçə növü insanları dişləmək üçün də ixtisaslaşır.
Diptera adlanan böcəklər qrupuna aid olan ağcaqanadlar ölümcül xəstəlikləri surətlə yayan həşəratlar arasındadır. Bu dünya əhalisi üçün çox risklidir.
Ağcaqanadların bədən ətrafında pulcuqlar və bədənimizdən maye əmməyə kömək edən uzun ağız boşluqları var. Erkək ağcaqanadlar təxminən bir həftə, dişi ağcaqanadlar isə təxminən bir ay yaşaya bilirlər. Növlərindən asılı olaraq gecə-gündüz aktivdirlər və xəstəlikləri bir insandan digərinə daşıyırlar.
Ağcaqanad bu günədək malyariya, sarı qızdırma, denqe qızdırması, Zika, Qərbi Nil virusu kimi epidemiyaların yayılmasının başlıca səbəbkarıdır. Təkcə 1 ildə dünyada 100-400 milyon insan ağcaqanadlar vasitəsilə ölümcül denqe qızdırmasına yoluxur.
Mütəxəssislər bildirir ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir. Bu həşəratlar daha çox nəmişlik olan yerdə artır. Göl, dəniz olan yerlərdə ağcaqanad da çox olur. Bəzi yerlərdə isə gölməçələr olmasa da, yaşayış evlərinin zirzəmisində su axması nəticəsində nəmişlik yaranır və bu da ağcaqanadların artmasına səbəb olur. Əgər evdə həşəratlar çoxalırsa, bu zaman Gigiyena və Epidemiologiya Mərkəzindən yardım istəmək lazımdır ki, zirzəmilər dezinfeksiya olunsun.
Çox vaxt satışda həşərat və ağcaqanad əleyhinə müxtəlif çeşiddə dərman vasitələr olur. Çox vaxt da bu dərmanların sağlamlığımıza nə kimi təsirinin olmasının fərqinə varmırıq. Mütəxəssislər belə dərman vasitələrinin kimyəvi maddələrlə zənginliyini əsas gətirərək onlardan istifadə zamanı ehtiyatı əldən verməməyə çağırırlar.
Həkimlər bildirir ki, kimyəvi preparat hansısa bir canlıya öldürücü təsir edirsə və ya sinir sistemini tormozlaşdırırsa, sözsüz ki, insan orqanizminə az da olsa təsiri var. Xüsusilə də, körpələr üçün daha zərərlidir. Əgər evdə uşaq yatırsa, ağcaqanad dərmanlarının istifadəsindən imtina etmək lazımdır. Belə dərmanların mütəmadi istifadəsinin fəsadları dərhal bilinməsə də, gələcəkdə özünü büruzə verə bilər. Həkimlərin sözlərinə görə, belə preparatların üzərində nə qədər təhlükəsiz olduğu yazılsa da, sağlamlığımız üçün təhlükəlidir və əlavə təsirlərini göstərməkdə davam edəcək.
Çoxları ağcaqanadların koronavirus yaymasından narahatdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Ağcaqanadlara Nəzarət Birliyi də ağcaqanadların COVID-19 daşıyıcısı olmadığını qəbul edir. Bunun səbəbi isə virusun hələ onlara yoluxmamasıdır.