“Hazırda hansı ölçüdəki məktəbli forması yoxdur, həmin ölçülərdə paltarlar tikilir”.
Bunu Lent.az-a Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Onun sözlərinə görə, artıq valideynlər məktəbli forması üçün BTE-nin şəhərin müxtəlif ünvanlarında fəaliyyət göstərən mağazalarından məktəbli formalarını alır: “Hazırda 9 ünvanda mağazalarımız fəaliyyət göstərir. Daha çox ibtidai siniflərin forması satılır. Amma digər siniflər üzrə də satışlar var”.
E.Əzimov bildirib ki, məktəbli formalarının qiymətində dəyişilik yoxdur: “Məktəbli formalarının qiyməti 2017-ci ildə necə idisə, elə də satılır. Kostyum ölçüsündən asılı olaraq 40-46 manatdır. Bütün ölçüdə tək köynəklər 8, şalvarlar isə 5 manata satılır”.
Satış şöbəsinin rəisi onu da vurğulayıb ki, xammalla bağlı heç bir problemləri yoxdur: “Əvvəldən tədarükümüzü görmüşdük. Hazırda yenə də sifarişimizi vermişik. Parçaları Türkiyədən sifariş edirik. Keyfiyyətli və uşaqlar üçün rahat ola biləcək parçalar seçilir”.