“Türkiyədə olan vətəndaşların avtomobili ilə geri qayıtması ilə bağlı xüsusilə pandemiyanın başladığı ilk dövrlərdə bu kimi müraciətlərlə çox üzləşmişdik”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, həmin dövrdə Türkiyənin öz içərisində şəhərlərarası nəqliyyatın hərəkətində məhdudiyyət var idi: “Həmçinin növbəti ölkə olaraq Gürcüstan ərazisinə avtomobillər daxil olmalı idi. O zaman xüsusi icazələr təşkil olundu. Bir neçə dəfə xüsusi avtobuslar ayrılmışdı ki, həmin avtobuslar vasitəsilə vətəndaşlarımız Türkiyədən Gürcüstana və Gürcüstandan Azərbaycana gətirilməsi təmin olunsun. Hazırda belə müraciətlər Operativ Qərargahda yoxdur”.
H. Hacıyev qeyd edib ki, avtomobili ilə Türkiyədən ölkəyə qayıtmaq istəyən şəxslərin Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etməsi lazımdır: “Xahiş edərdik ki, həmin şəxslər Türkiyədəki səfirliyimizlə əlaqə saxlasınlar. Belə olduğu halda, müəyyən qaydalar çərçivəsində vətəndaşlarımızın tranzit yolla Gürcüstana daxil olması, oradan isə ölkəyə gətirilməsi üçün həmin ölkələrlə əlaqələndirilə və icazələrin alınmasına çalışıla bilər”.