Peşə təhsili pilləsi üzrə tələbə adını qazananlar avqustun 26-dan 31-dək müvafiq sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-24 tarixlərində elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb.
Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə SMS bildiriş vasitəsilə məlumat verilib. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.
I mərhələdə uğur qazanmayan şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə əlavə məlumat veriləcək.