İriliyindən-xırdalığından asılı olmayaraq əlindən çıxan hər yazısı həmişə ürək və beyin sevindirən İbrahim Nəbioğlunun çatdırdığı son xəbər sarsıtdı.
Azərbaycan mətbuatının ən seçkin simalarından olan Hidayət Zeynalov Bakının dəli küləkli ilk mart günündə uçub getdi, əbədilik ayrıldı bizlərdən...
Atalarımız “Mart çıxdı, dərd çıxdı” söyləyib. Bu dəfə iş belə düşdü ki, mart gəldi, dərd gəldi...
Çox kədərləndim, çox!..
Və çox da təəssüf etdim ki, gecikdim, ömrün daha bir fürsətini qaçırdım.
Bir neçə ay öncə Hidayət müəllimə zəng vurmuşdum.
Dedim ki, görüşünüzə gəlmək istəyirəm.
Zəngimə çox sevindi, "bizim evimiz sənin evin" dedi, haçan gəlsən qapımız üzünə açıqdır.
(Elə həmin gün mətbuatımızın digər patriarxı Əli İldırımoğlu ilə birgə nahar etmişdik. Çox söhbətlərimiz olmuşdu, arada Hidayət müəllimi də anmışdıq. Onu çoxdan görmədiyimi, əlaqə saxlamaq istədiyimi demişdim. Söyləmişdi ki, haçandır gözlərindən narahatlığı var, evdən çölə çıxmır, görüşmək istəməsə incimə).
Araya xarici səfərlərim düşdü, sonra seçkilərə baş qarışdı.
Yenicə asudələşmişəm, elə bu günlərdə istəkli Hidayət müəllimin tanış telefon nömrəsini yığıb ona baş çəkmək niyyətindəydim, bu üzücü xəbər gəldi.
Hidayət müəllim düz 50 ildir ki, sevimli bir insan kimi daim ürəyimdədir.
Mən məktəbli idim, rayon qəzetinə vaxtaşırı məqalələr yazırdım və Kürdəmirdə çıxan "İrəli"nin ştatdankənar müxbiri idim.
Bu indi adı görünə bilər. O çağlar üçünsə bir məktəblinin cibində rayon qəzetinin müxbiri olmasını təsdiqləyən qırmızı vəsiqəni gəzdirməsi, günaşırı imzasının qəzetdə görünməsi sadə məsələ deyildi.
Başlamışdım mərkəzi qəzetlərə və jurnallara da yazılar göndərməyə.
Ara-sıra dərc ediləni də olurdu, lakin adətən mərkəzi mətbuatdan içərisində standart cavabı olan məktub gəlirdi ki, redaksiyamızın tələblərinə cavab vermədiyi üçün dərc edilmədi.
Hətta hərdən məndə şübhə də yaranırdı ki, deyəsən heç çox vaxt mən göndərən yazını oxumadan belə hazır cavabları ünvanıma yollanırlar ki, əl çəkim.
Di gəl, indi burasını da fikirləşirəm ki, hətta oxumurlarmışsa, əl gəzdirib çap etməyə ərinirmişlərsə belə, hər halda ciddi intizam varmış ki, heç bir zəhmətkeş müraciətini cavabsız buraxmırlarmış.
O zamanların ən birinci dərəcəli və tirajı da ən çox olan qəzeti "Kommunist" idi.
1970-ci ildə həmin baş qəzetdə yeni bir rubrika yaranmışdı. Hansısa rayonun adını ümumi sərlövhə kimi qoyaraq yarımbaşlıqlarla orada baş verən yeniliklər haqqında 5-6 xəbər dərc edirdilər.
Mən də həmin formanı götürdüm, ümumi "Kürdəmir" başlığı qoyaraq 8-9 xəbərdən ibarət yazı hazırladım. Qəsdən xəbərlərin sayını çox etdim ki, bəyənmədikləri, ixtisara saldıqları olsa da, ortada bir şey qalsın.
O vaxt poçt yaxşı işləyirdi. 3 gün sonra evimizə "Kommunist" qəzetinin üstü emblemli məxsusi zərfində məktub gəldi.
Açığı, çox pərişan oldum.
Ağlıma gələn ilk fikir bu oldu ki, yazılarım dərc edilməyib bu məktub gəlibsə, demək, digər redaksiyalardan aldığım ənənəvi imtina cavablarındandır.
Ona görə heç bu iri sarı zərfi açmadan, növbəti dəfə qanımı qaraldacaq "tələblərimizə cavab vermir" sözlərini oxumamaqçün cırıb atmaq istədim.
Ancaq nəsə tərəddüd etdim və məktubu açdım.
"Kommunist" qəzetinin şöbə müdiri Hidayət Zeynalov imzalamışdı.
Oxudum və gözlərimə inanmadım.
Yazırdı ki, məktubunuzu aldıq, yazılarınızı bəyəndik, rayon qəzeti ilə əlaqə saxladıq, haqqınızda müsbət fikir söylədilər.
Biziə mütəmadi yazın".
Bu məktub sadəcə sevinc deyildi, mənə möcüzə kimi gələn bir ərməğan idi.
Bütün başqa məziyyətlərindən başqa həm də məndə özümə inam oyadan bir məktub.
1 nömrəli qəzetin şöbə müdiri yazırsa ki, yazılarını bəyənmişik, deməli, mənə imtina cavabı göndərənlər sən deyən haqlı deyillərmiş.
Qaça-qaça gəldim rayon qəzetinin redaksiyasına, 5-ci sinifdə oxuyarkən qəzetdə ilk məqaləmin çapının səbəbkarı olmuş redaktor müavini Bahar xanım Məlikovanın yanına.
Tövşüyə-tövşüyə otağına girib məktub haqqında sevincimi bölüşməyə macal tapmamış dərhal özü dilləndi ki, təbrik edirəm, "Kommunist"dən Hidayət müəllim zəng vurmuşdu, səninlə maraqlanırdı, mən də təriflədim...
Həvəslə gəlib o qədər yazırdım ki, bir neçə ay sonra artıq "Kommunist" məni "ictimai müxbirimiz" deyə təqdim edirdi.
Həm də hər xəbərə 5 manat yazırdılar ki, aya "Kommunist"dən 60-70 manat qonorar alırdım. Bu da o dövr üçün yekə pul idi, illah da bir məktəblidən ötrü.
Və beləcə Hidayət müəllim həmin gündən mənim ömrümə xeyirxah yolaçanım kimi daxil oldu.
Və 50 ildir ki, mənim ürəyimdə bu insana ilk dəfə mənə göndərdiyi məktubu oxuyanda bütün varlığımı bürümüş məhəbbət və minnətdarlıq hissi yaşayır.
Belə adamlar mənim ömrümdə çox olmayıb.
Elə əslində bu cür nəcib xeyirxahlar hər insanın həyatında tək-tək rast gəlinir.
Bu əhvalatı mən dostlara da danışmışam, bəzi yazılarımda da yada salmışam, elə Hidayət müəllimə də xatırlatmışdım.
Hiss etmişdim ona da çox xoşdur ki, irəliləyişlərimin, yüksəlişlərimin təməlində onun da izi var.
Əlbəttə ki, onun əbədi gedişinin xəbərini almaq mənimçün çox ağırdır, bu itkinin göynəyi məni çox yandırır.
Mən ömrüm boyu ən doğma, ən əziz saydıqlarımdan birini itirdim...
Böyük türk şairi Oqtay Rifətin (1914-1988) “Su kimi keçən günlər” şeirinin ürək sıyıran nisgillə dolu misrası sayrışır yaddaşımda: “Bütün sevdiklərim öldü”...
Şükür ki, bu ruh donduran ağrı bizdən uzaqdır.
Amma hər halda çevrə get-gedə daralır.
Hidayət müəllimin gedişiylə qəlbimizin dərd yükü bir qədər də artdı...