Biz Turan sevdası ilə doğulmuş uşaqlardıq... Türkün ayağı dəyən yerlərdə cadarlanmış torpaqlara qanımızı axıtmağa hazırdıq ki, göyərsin vətən torpağı, bərəkətlənsin, ucalsın...
Hər eldə yolumuza bir qucaq açan vardı, hər yurda bir gözləyən... İssıkkulda Çingiz ağa, Qazax öz tənində Oljas... Təbrizdə Cavad Heyət, Anadoluda Yavuz Bülənt... Qarabağda Zeynal əmim vardı, Şəkidə Bəxtiyar əmim... Qarayazıda Nəriman əmim vardı, Gəncəbasarda Nurəddin əmim... Hər yerdə Xudu əmim vardı, Hər yerdən görünürdü mənim Xudu əmim, hər yerdən...
Birdə Turanın bir parçasının parçası vardı, Naxçıvan adında... Ordan boy alan bir böyük ad baş kəndimizdə atamla çiyin-çiyinə idi. Bir məsləyə sarılıb, bir səngərdə mübarizə aparırdı ulu Məmməd Arazla... “Məmməd əmi” deyəndə elə bil ərşin ənginliklərilə danışırdıq, buludlar ayaqlarımız altında halay çəkirdi.
Bir də siz vardınız, Fəttah müəllim, Fəttah əmi... Evimizdə Naxçıvan adın sizin addan sonra eşitmişəm. Adınızla tanımışam o qədim Türk yurdun, adınızla sevmişəm...
Naxçıvanda atam Şahmar Əkbərzadənin yollarına açılan sizin qollarınız olub. Hər dəfə Naxçıvana səfərə gedəndə sizin ocağınızın istisini gətirib damarlarında, dostluğunuzun hərarətin gətirib... Yəqin, elə o hərarət 90-cı illərin əvvəllərində Mədəniyyət Nazirliyinin kollegiyasında sizin müzakirəniz gedəndə onun zalı tərk etməsinə, etiraz edərək tərk etməsinə səbəb olmuşdu. Siz hərarətli adamdınız! Mən Şahmarın oğlu olaraq o qayğını, o hərarəti həmişə hiss etmişəm, istər evimizdə qonağımız olanda, istər atamın yas mərasimlərində, istərsə də sonrakı həyatımda...
Hər dostunu itirəndə “bir arzumda şəhid oldu” deyə çırpınan atamın özündən əvvəl iki arzusu köçdü bu dünyadan, Xudu Məmmədov və Zeynal Məmmədov... Sonra özü tərk etdi, dünyanı. Sonra Bəxtiyar Vahabzadə ilə Nurəddin Rzayev... İndi də Siz... Atamın arzuları köçdükcə dünya yoxsullaşır Fəttah əmi, dünya dünyasızlaşır.
Göynərtimdən daş od tutar,
Yay buzlayar, qış od tutar,
Gözlərimdə yaş od tutar,
Yanar qorlana-qorlana!
Titrətsə də yayın günü,
Bir kimsəyə çatmaz ünü,
İməkləyər yer üzünü
Şahmar qorlana-qorlana!
Bu gün yəqin ki görüşdü ruhlarınız. Bizə örnək dostluğunuzun əsintiləri qaldı.
İndi xiyabanla üzbəüz dayanıb fikrə getmişəm. İçimdən “Ölməyin, atamın dostları” deyərək hayqırmaq keçdi, amma dostunuz Şahmar Əkbərzadənin bu misraları qoymadı:
Ölüm də yalandı, itim də yalan,
Dünyada müqəddəs çevrilmələr var.
Yeriniz behişt olsun, Fəttah müəllim!
Elşən Əkbərzadə