Növbəti buraxılış imtahanları keçirildi: bir nəfərdə telefon aşkarlandı - YENİLƏNİB
03 iyul 2020 16:12 (UTC +04:00)

Növbəti buraxılış imtahanları keçirildi: bir nəfərdə telefon aşkarlandı - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi iyulun 3-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən Lent.az-a verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Şəmkir, Naftalan, Yevlax, Qəbələ, Zərdab, İsmayıllı, Saatlı, Yardımlı, Şabran və Naxçıvan MR-da (Kəngərli, Naxçıvan, Babək, Ordubad, Sədərək, Culfa, Şərur, Şahbuz) olmaqla, ümumilikdə 17 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 71 imtahan binası, 1273 imtahan zalı, 71 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 1660 nəzarətçi – müəllim, 142 buraxılış rejimi əməkdaşı, 71 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanları və Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında (o cümlədən Naxçıvan MR-da keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanı) istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

08:12

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanlarda 15526 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Bu gün keçiriləcək imtahanlar bunlardır:

- Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı – H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı: Naxçıvan MR; 

- 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Naftalan, Saatlı;

- Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Naxçıvan MR, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran; 

- 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran; 

- 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran.

- Azərbaycan dili (dövlət dili) imtahanı: – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Naxçıvan MR, Naftalan, Saatlı.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

2 və 3 iyul tarixlərində imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 138 imtahan binası, 2345 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 138 ümumi imtahan rəhbəri, 374 imtahan rəhbəri, 3055 nəzarətçi–müəllim, 276 buraxılışı təşkil edən əməkdaş, 138 bina nümayəndəsi ayrılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3694
avatar

Aygün İbrahimli

Oxşar yazılar