Nazirlikdən poliklinikalarla bağlı AÇIQLAMA
30 iyun 2020 14:53 (UTC +04:00)

Nazirlikdən poliklinikalarla bağlı AÇIQLAMA


“Bütün poliklinikalara PZR testlərin aparılması üçün lazımi vasitələr verilib. Eyni zamanda testləri götürəcək tibb işçiləri  bütün fərdi qoruyucu vasitələrlə,  o cümlədən kombinezon, cərrahi xalatlar, maskalar, dəbilqə, ən vacibi N95 maskaları, əlcəklərlə tam təmin olunublar”. 

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib. O bildirib ki, bunun üçün maşınlar da ayrılıb: “Həkimin qərarı ilə poliklinikanın əməkdaşları, orta tibb personalı xəstəliyi, simptomları, yüksək riski olan şəxslərdən həmin testləri evlərdə götürəcəklər. 

Koronavirus infeksiyası tənəffüs yollarının infeksiyasıdır. Sadəcə daha tez pnevmoniya yaradır. Bütün poliklinikalarda olan  mütəxəssislər - terapevtlər, pediatrlar, sahə həkimləri yuxarı tənəffüs yollarının xəstəliklərinin (qrip, respirator, digər viruslu və ya  bakterial infeksiyalar, pnevmoniya) sovet dönəmindən  müalicəsini  təmin ediblər. Yalnız  xəstəxanada yerləşdirilməsi tələb olunan xəstələrə xəstəxanada baxıblar, qalanları ambulator qaydada müalicə olunub. Onlar ya poliklinikaya müraciət edib, ya da sahə həkimləri evlərə gedib müşahidə və müalicəni təmin ediblər. Bu infeksiyanın yoluxduruculuq qabiliyyəti yüksək olduğu üçün həmin pasiyentlərin poliklinikalara gəlməsi deyil, əksinə, tibb işçilərinin analizə görə evlərə getməsi  təmin olunacaq. Həmçinin bu pasiyentlər daha yaxından təqib ediləcək. Çünki yüngül simptomlu pasiyentlərin vəziyyəti  2-3 gün ərzində ya mənfiyə, ya da müsbətə doğru dəyişə bilir”. 

N. Seyidov qeyd edib ki, xəstələrin daha yaxından müşahidəsi poliklinikadakı sahə həkimləri tərəfindən aparılacaq: “Bunun üçün də kifayət qədər mütəxəssis var. Hamısı təlimlərdən keçirilib, təlimatlandırılıb. Müalicə alqoritmləri var. Digər vacib məqam odur ki, qripdən fərqli olaraq, koronavirus infeksiyasının spesifik müalicəsi yoxdur. Simptomu olmayan pasiyentlərin heç bir müalicəyə ehtiyacı yoxdur. Yüngül simptomları olanlara üçün isə bu simptomları aradan qaldıran, temperaturu aşağı salan, öskürəyə kömək edən dərman lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3022
avatar

Oxşar yazılar