“Pandemiya ilə əlaqədar ümumi təhsil məktəblərində uşaqların siniflərdə sıxlığı məsələsi xüsusi olaraq nəzərə alınmalıdır”.
Lent.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırmasında bildirilib.
Qeyd olunub ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı qərar 4642 təhsil müəssisəsi, 1969673 nəfər təhsilalan və 163218 nəfər təhsilverəni əhatə edəcək. Eyni zamanda, 1600000 nəfər təhsilalan və 141749 nəfər təhsilverən olmaqla, ümumi təhsil pilləsi say etibarilə ən çox təsirə məruz qalan əhali qrupunu əhatə edir: “Ölkədə şagird sayı 200-dən çox olan məktəblərin payı 47% və ya 2,104 məktəb təşkil edir. Şagird sayı 200-dən az olan məktəb sayı ilə 53% və ya 2,335 məktəb təşkil edir. Bununla yanaşı, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 87%-i və ya 1,392,000 şagird 200-dən çox şagirdi olan məktəblərdə təhsil alır. Bu o deməkdir ki, şagirdlərin cəmi 13%-i və ya 208,000 şagird 200-dən az şagird olan məktəblərdə oxuyur”.
Məqlədə göstərilib ki, şagirdlərin say aralığının məktəblərin sayına nisbəti də müxtəlif mərhələlərə keçid və ya açılış barədə qərar qəbul edilərkən nəzərə alınmalı amillərdən biridir. Ölkə ərazisində fəaliyyət göstərən 77 məktəbdə şagird sayı 2000 və daha artıq, 105 məktəbdə isə 1501-2000 şagird təşkil edir. Bu isə o deməkdir ki, faktiki şagird sayının layihə tutumuna nisbəti toplam 182 məktəbdə mövcud məktəb tutumu normasının xeyli üzərindədir. Bu tip məktəblərdə xüsusi tədbirlər, iki və ya üç növbəli təhsilin verilməsi planlaşdırıla bilər.