Koronavirusun həyatımıza əlavə etdiyi məsələlərdən biri də maska ilə bağlıdır. Maska taxmaq, geyimimizin bir əlavəsi kimi yerini sabitləşdirib. Problem ondadır ki, geyimlərimizi ölçüyə uyğun aldığımız halda, 6 aydır hələ də ölçülərə uyğun maskalar tapmaq olmur. Üz ölçüsü böyük və ya kiçik olan insanlar var. Nəzərə alsaq ki, qarşıdan tədris ili gəlir, uşaqlar üçün də maskalar lazımdır. Amma mövcud maskalar ancaq eyni ölçüdə istehsal olunur.
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov maskalarla bağlı mövcud problemlərdən danışıb. Onun sözlərinə görə, maskalarla bağlı istehlakçılardan çox şikayət gəlir: “Maskaların ölçüsü ilə bağlı hər həftə istehlakçılardan şikayətlər daxil olur.
İnsanların bir hissəsi maskaların iplərinin həddindən artıq tez qopmasından şikayət edir. Bu, çoxdan davam edir. Biz hələ öyrənə bilməmişik ki, şikayət olunan həmin maskalar yerli istehsaldır, yoxsa xaricdən idxal olunur.
Digər bir problem isə maskanın sifətdən düşməsi ilə bağlıdır. Yəni, ölçüsü böyükdür. Təəssüf ki, maskaların üzərində heç bir ölçü göstəricisi yoxdur. Sanki universal maska hazırlanıb. Əgər şagirdlər məktəbə getsə, maskadan istifadə edəcək. Ümumiyyətlə, kiçik yaşlı uşaqların da qapalı yerlərdə maska taxmalı olduqlarını nəzərə alsaq, onlar üçün müəyyən ölçüdə maskalar olmalıdır”.
AİB sədri bildirib ki, maskalar 10 ədəd şəklində paketlənməli və paketlərin üzərində müəyyən ölçülər olmalıdır: “Maska istehsalçıları bu amili mütləq nəzərə almalıdırlar. Uşaqlar, üz ölçüləri kiçik olan adamlar maskadan effektli istifadə edə bilmirlər. Maska düşür, bu da insanların yoluxmasına səbəb ola bilər. Məsələn, mən ötən gün qapalı bir məkandaydım. Taxdığım maskanın rezini qəfildən qırıldı. Çıxılmaz vəziyyətə düşdüm. Əgər üz ölçümə uyğun bir maska ala bilsəydim, problemi yaşamazdım. Yenə də deyirəm, maskaların ölçüsü mütləq olmalıdır. İnsanlar ölçülərinə uyğun maska tapa bilməlidir”.