Son günlər Kür çayında suyun azalması problemi ictimaiyyətin narahatlığına səbəb olub. Narahatlıqların əsası da var, çünki Kür və eləcə də Araz çayları Azərbaycanın su ehtiyaclarının ödənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Kürün suyunun quruması yeni bir problemdirmi? Ümumiyyətlə, suyun azalmasının səbəbləri və problemdən çıxış yolları nədədir?
Lent.az-ın suallarını Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev cavablandırıb. Onun sözlərinə görə, ilin bu vaxtları Kürdə suyun azalması hər zaman baş verir: "Hazırda isə Kürdə suyun miqdarının azalmasının səbəblərindən biri yağıntının miqdarının az olmasıdır. Çayın qollarının bəziləri quruyur. Gursulu çaylar azalıb. Alazan, Qabırrı, Girdimançay və bir çox başqa çaylarda su azalıb, tamamilə quruyan qollar var. Son illər qarın az yağması, sutoplayıcı sahədə nəmin olmaması kimi amillər su resurslarını azaldıb. Hazırda bitkilərin vegetasiya dövrü olduğu üçün suvarma suyu da çox götürülür. Hər il kənd təsərrüfatı sahələri böyüyür. Xüsusilə, çox su tələb edən pambıqçılıq sahələri genişlənir və yeni kanallar, suvarma sistemləri, nasos stansiyaları qurulur. Bütün bunlar son nəticədə Kürün suyunun azalmasına təsir edir".
İ.Mustafayev bildirib ki, suların böyük hissəsi ölkəmizə kənardan daxil olur: "Kür və Araz Türkiyədən başlayır. Kür Gürcüstan üzərindən keçərək ölkəyə daxil olur.
Araz isə İran və Ermənistan ərazisindən keçməklə gəlir. Həmin ərazilərdə də müxtəlif su hövzələri, su anbarları vasitəsilə su idarə oluna, qarşısı alına bilir. Gürcüstanda su ehtiyatları çoxdur, amma yəqin ki, orda da müəyyən istifadə obyektləri var".
Biz nə etməliyik?
Professorun sözlərinə görə, Araz çayında suyun azalması hər il baş versə də, Qarabağ kanalı vasitəsilə Mingəçevirdən çaya su atılması ilə böhranın qarşısı alınırdı. Amma bu il tənzimlənmə mümkün olmur. Görünür ki, orda da su azdır. Hazırkı kritik vəziyyət bizə dərs oldu. Bundan sonra su anbarlarını düzgün idarə edərik. Qışda anbarlar tam doldurulacaq. Bu kanalları idarə etmək də ciddi işdir. Bir dəfə su buraxılmadı, nəticədə su gəldi daşdı və çox böyük əraziləri su basdı. Ona görə də bütün bunlar öyrənilməlidir. Payızdan başlayaraq Kürün suyunun nə qədər olduğu öyrənilməli, yaz və yay aylarında qənaətlə idarə olunmalıdır.
Ermənistanla münasibətlər gərgindi, amma İran və Gürcüstanla suların idarə olunması məsələsini danışmaq olar. Samur çayında suyun idarə olunması, bölüşdürülməsi ilə bağlı Rusiya ilə olan bütün müqavilələri yeniləmək lazımdır. Elə etmək lazımdır ki, bizdə aşağı axında bu böhranlar əmələ gəlməsin.
Təbii ki, Xəzər dənizində suyun səviyyəsinin yüksək, Kürdə isə aşağı olması nəticəsində suyun geri qayıtması prosesi baş verir. Bu katostrafik haldır. Dediyim kimi, həm ikitərəfli danışıqları, həm də su anbarlarının idarə olunmasını təkmilləşdirmək vacibdir. Suyun qənaətlə istifadəsinə nail olmaq lazımdır. Azərbaycan hökuməti tərəfindən yaşayış məntəqələrində, əkinçilik sahələrində çoxlu quyular qazılıb. Çalışmaq lazımdır ki, Kür çayında yaranan bu cür problemləri daxili resurslarımız, həm də qonşu ölkələrlə apardığımız danışıqlar hesabına həll edə bilək".