Prezident İlham Əliyev dünən televiziya kanallarına müsahibəsində pandemiya ilə çox çətin mübarizə şəraitində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı bir çox prinsipial məsələlərə toxunuldu.
Prezident bildirdi ki, vaxt azlığına baxmayaraq, qısa bir zamanda 36 yeni xəstəxana istifadəyə verildi, yaxın bir ay ərzində 1300 yerlik daha bir modul xəstəxana inşa ediləcək.
O qeyd etdi ki, ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.
Əslində, Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı. Prezidentin də qeyd etdiyi kimi hazırda Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70, ölənlərin sayı isə 10 mini keçir. Məsələn, bu sırada Belçika, İsveçrə, Çexiya kimi ölkələri göstərmək olar. Elə ölkələr də var ki, (Portuqaliya, İspaniya) yenidən sərtləşdirilmiş karantin rejiminə keçmək məcburiyyətində qalıblar.
Azərbaycan bu tip ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə öncül yerdədir. Prezidentin müsahibəsindəki bəzi məqamlara diqqət edək:
- Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir;
- Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib;
- Laboratoriyaların sayı 44-ə çatacaq;
- Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib;
- Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib;
Ekspert Aydın Quliyevin dediyinə görə, Prezident Əliyevin söylədikləri Azərbaycanın istənilən çətinlikdən nisbətən ən az itki ilə çıxmağı bacardığını sübut etdi. “Prezident təlqin etdi ki, Azərbaycan çətin vəziyyətlərdən nəinki az itki ilə, hətta müəyyən uduş imkanları yaradaraq da çıxa bilir. Tək pandemiya dövründə 36 yeni xəstəxananın, 20-dən çox yeni laboratoriyanın yaradılması ,testlərin sayının fantastik dərəcədə artırılması ,aqrar və qeyri-neft sektorlarında artım, valyuta ehtiyatlarımızın çox cüzi olaraq azalması və mövcud sosial layihələrdən əlavə yeni-yeni ”rifah paketlərinin” tətbiqi təkzibolunmaz faktlardır və bir daha sübut edir ki, Azərbaycan pandemiyadan müəyyən itkilərə məruz qalsa da ,sonda onu güclənərək başa vurmaq imkanlarına malik bir neçə ölkədən biri olacaq”.
Müsahibədə Cənab Prezidentin bir qədər əvvəl “əsas məsələ Azərbaycan insanının sağlamlığıdır” tezisini bir qədər də inkişaf etdirdi. O yenə bildirdi ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci planda.
“Biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq. İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır”.
Bütün bunlar nəyi sübut edir: Ən ağır dönəmlərdə belə sosial siyasət paketi prioritet olaraq qalır, ən vacib olanı Azərbaycan insanının mənafeyi və sağlamlığıdır!
Dövlətimizin başçısı onu da qeyd etdi Ki, pandemiyanın yaratdığı çətinliklər dövlətin sosial siyasətini arxa plana çəkə bilmədi. Heç bir sosial layihə təxirə salınmadı, ixtisara düşmədi. Prezident bir misal çəkdi. O bəyan etdi ki, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. “İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib. Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq”.