Həkim işləmək istəyənlər Prezidentə müraciət etdilər - SƏBƏB
13 avqust 2020 17:28 (UTC +04:00)

Həkim işləmək istəyənlər Prezidentə müraciət etdilər - SƏBƏB

Bu ilin avqust ayında rezidentura imtahanlarında iştirak edən bir qrup həkimliyə namizəd Azərbaycan Prezidenti İlham Əliyeva və aidiyyatı qurumlara müraciət ünvanlayıb.

Lent.az xəbər verir ki, müraciətdə bu il keçirilən imtahanlarda keçid balıının aşağı salınması xahiş olunur.

Həmin müraciəti təqdim edirik:

Cənab Prezident,

Biz - rezidentura pilləsinə qəbul üzrə imtahanda iştirak etmiş həkim namizədlər olaraq bu müraciəti Sizə ünvanlayırıq.

Bildiririk ki, Sizin rəhbərliyiniz ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. Sizin təşəbbüsünüz ilə 2004-cü ildən bu günə qədər ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Həmçinin, Sizin rəhbərliyiniz ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması üçün daimi olaraq tədbirlər həyata keçirilir. Bu Sizin tərəfinizdən biz həkimlərə göstərilən diqqətin təzahürüdür.

Sizin diqqət və qayğınız biz həkimlər üçün əsas motivasiya mənbələrindən biridir. Bizlər həkim olaraq, daim Hippokrat andına sadiq qalmaqla öz vəzifə borcumuzu yerinə yetirmək, xalqımızıa, millətimizə, dövlətimizə xidmət göstərməklə, bizə göstərdiyiniz etimadı doğrultmaq istəyirik.

Biz həkimlərin ən böyük məqsədi insanların sağlamlığını təmin etməkdir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də hazırda çətin bir sınaqla üz-üzə qalıb. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olublar. Belə ki, 2020-ci ilin mart ayından başlayaraq hər birimiz işlədiyimiz müəssisələrdə gecə-gündüz xidmət göstərməklə COVİD-19 pandemiyası ilə mübarizə aparmağa, ölkəmizi bu ağır bəladan qurtarmağa çalışırıq və daim çalışacağıq. Biz əlimizdən gələni əsirgəməyəcəyik, xalqımızın sağlamlığı üçün son dəqiqəyə kimi bütün fədakarlığı göstərməyə hazırıq.

Qeyd olunduğu kimi, bu ilin əvvəllərindən etibarən ölkəmizin tibb sahəsində yaranan gərginlik və ağır şəraitlə əlaqədar olaraq, biz həkimlər üçün rezidenturaya qəbul üzrə bu il keçirilən imtahanlara tam hazırlaşmaq mümkün olmayıb. Təsadüfi deyildir ki, bu il imtahanda iştirak edən 1526 namizəddən demək olar ki, yarısı imtahanda uğur qazana bilməyib və rezidenturaya qəbul olunmayıb.

Baş verən çətinlikləri nəzərə alaraq rezidenturaya qəbul üzrə keçirilən bu ilki imtahanda keçid balının müəyyən qədər aşağı salınması barədə göstəriş verməyinizi sizdən xahiş edirik.

Biz həkimlər isə öz növbəmizdə daim olaraq öz bilik, bacarıq və peşəkarlığımızı artıracağımıza, xalqımıza və dövlətimizə daim xidmət göstərəcəyimizə söz veririk.

Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, çıxışlarınızla, müraciətlərinizlə, mükafatlarınızla səhiyyə işçilərimizi dəyərləndirməyiniz bizim ruh yüksəkliyimiz üçün ən böyük amildir.

Bir daha biz həkimlərə öz dəstəyiniz və inamınız üçün Sizə təşəkkürümüzü bildiririk.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4036
avatar

Aygün İbrahimli

Oxşar yazılar