Koronavirusa (COVID-19) yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə ictimai iaşə müəssisələrində dezinfeksiya və deratizasiya (gəmiricilərə qarşı mübarizə tədbirləri) işlərinin aparılması, eləcə də işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsi vacib şərtlərdəndir.
AQTA-dan Lent.az-a verilən məlumata görə, açıq havada fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrində hər iş gününün sonunda profilaktik dezinfeksiya, ayda 1 dəfə isə deratizasiya işləri aparılmalı, lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış müəssisələlərin xidmətindən istifadə edilməlidir. Həmçinin təlimatlarda qeyd edilmiş tövsiyələrə riayət olunmalıdır.
İnsanların sıx toplaşdığı yerlərdə ortaq istifadə edilən səthlərin, əşyaların mütəmadi təmizlənib, dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır. Müştərilərə xidmət göstərildikdən sonra dezinfeksiya olunmuş qida qəbulu yerlərində təmizlik işləri mütəmadi davam etdirilməlidir.
Bundan başqa, ictimai iaşə müəssisəsinin işçi heyəti şəxsi gigiyena qaydalarına əməl etməklə yanaşı xüsusi iş geyimində olmalıdır. Gündəlik ev geyiminin iş prosesində istifadəsi yolverilməzdir. Eyni zamanda qida məhsulları ilə təmasda olarkən əlcək, tibbi maska və bone (baş örtüyü) kimi gigiyenik vasitələrdən mütləq istifadə olunmalıdır.