Ermənistanın mülki yaşayış məntəqələrinə raket hücumu zamanı evləri dağılan gəncəlilər şəhərdəki dövlət universitetinin yataqxanasında qalırlar.
Lent.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, 17 oktyabrda Ermənistanın Gəncəyə orta mənzilli ballistik raketlə hücumu nəticəsində evləri dağılanlar tələbə yataqxanalarına yerləşdirilib.
Yüzlərlə gəncəli 4 gündür Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qalırlar.
Raket hücumuna məruz qalan Muxtar Hacıyev küçəsində 15 nəfərlik ailəsi ilə birlikdə yaşadığı evi dağılan iki uşaq anası Leyla Əkbərova da yataqxanada məskunlaşanlar arasındadır.
Əkbərova deyir ki, evin hər an çökə biləcəyini söyləyiblər:
"Evimizə çox ziyan dəydi. Gedib baxdıq, bizə burada oturmamalı olduğumuzu söylədilər”.
Yaşadıqları yataqxanada, evlərinin yenidən qurulması üçün dövlətin köməyini gözlədiklərini vurğulayan Əkbərova, "İnşallah evimiz tikildikdən sonra geri dönəcəyik" dedi.
"Əlbəttə ki, öz evinin rahatlığı fərqlidir. Amma burada həm mən, həm də övladlarım istədiyimiz hər şeylə təmin edilirik”.
Leyla Əkbərova, bir an əvvəl evlərinə qayıtmağı ümid etdiklərini dilə gətirdi.
"Evimiz yaşayış üçün yararsızdır".
Bu sözləri isə qızı ilə birlikdə yaşayan Gülyanaq Bədəlova deyir. Onun sözlərinə görə, hücumda 20 illik evi dağılıb:
"Hücumda evimiz ziyan gördü. Dəhşətli bir hadisə yaşadıq. Evimiz yaşamaq üçün uyğun vəziyyətdə deyil. Öz imkanlarımız daxilində təmir etməyi düşünürük. Burada uzun müddət qalmaq istəmirəm. Evim tikilsə dərhal qayıdacağam. Buradakı vəziyyət də yaxşıdır. Heç bir çətinlik çəkmirik".
Qeyd edək ki, Ermənistanın oktyabrın 17-də ikinci dəfə Gəncə şəhərinə orta mənzilli ballistik raketlə hücum etməsi nəticəsində, ikisi uşaq olmaqla 13 nəfər öldürülüb, 50-dən çox insan yaralanıb. Terror nəticəsində ən azı 20 bina dağıdılıb və ya yararsız hala gəlib.