Dünyada bu gün - VİDEO
31 avqust 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün - VİDEO


QUBADLININ İŞĞALI

(1993)

31 avqust 1993-cü ildə Azərbaycanın Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1930-cu ildə yaradılan Qubadlı rayonunun ərazisi 802 kv. km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. İşğal ərəfəsində əhalisinin sayı 30 min nəfərə qədər olub.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib, 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

MİRZƏ VƏLİYEV

(1923-1944)

Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyev 1923-cü il avqustun 31-də Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsi cəbhəsinə könüllü yollanıb. Döyüş yolu Şimali Qafqazdan başlayıb, Ukrayna, Belarus, Rumıniya, Bolqarıstan və Macarıstandan keçib. Topçular bölməsinin komandiri, baş serjant olub. Son döyüşü Macarıstanda olub. 6 noyabr 1944-cü ildə faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alarkən Mirzə Vəliyev və topçu bölməsi heyətinin hamısı həlak olub. 24 mart 1945-ci ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

KÜBRA DADAŞOVA

(1957-2017)

Azərbaycanın əməkdar artisti, aktrisa Kübra Məmmədağa qızı Dadaşova 1957-ci ilin bu günü Bakıda dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla ifa edib. Kübra Dadaşova 12 fevral 2017-ci ildə vəfat edib.

YUNİS NƏCƏFOV

(1967-1992)

Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfov 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub, daha sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1989-cu ildə leytenant rütbəsi ilə xidmətə başlayıb. 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı çıxışlarına görə sovet ordusundan uzaqlaşdırılıb. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə gəlib və "N" saylı bölüyə komandir təyin edilib. Kərkicahan, Malıbəyli kəndlərinin və Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənib. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilib, lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönüb. Baş leytenant Yunis Nəcəfov 24 avqust 1992-ci ildə Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

XƏLQAN ƏLİYEV

(1969-1990)

20 yanvar şəhidi Xəlqan Yusif oğlu Əliyev 1969-cu il avqustun 31-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1989-cu il noyabrın 13-də ordudan qayıdıb. Xəlqan Əliyev 1990-cı ilin 20 Yanvar faciəsi zamanı işlədiyi zavodun qarşısında sovet əsgərinin gülləsinə tuş gələrək həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

NAZİM ZƏKARAYEV

(1997-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nazim Nadir oğlu Zəkarayev 1997-ci ilin bu günü Şamaxı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və aprelin 9-da Şamaxı şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Əsgər Nazim Zəkarayev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

SƏFƏRƏLİ BƏY VƏLİBƏYOV

(1861-1902)

Görkəmli maarif xadimi, pedaqoq Səfərəli bəy Şeyx Həsən oğlu Vəlibəyovun anım günüdür. O, 1861-ci ildə Şuşada dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. 1875-1879-cu illərdə təhsilini Şuşa dördsinifli şəhər məktəbində davam etdirib. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsi açılıb. Azərbaycan şöbəsinin rəhbəri, məşhur maarifpərvər Aleksey Çernyayevski tələbə toplamaq məqsədilə Şuşaya gəlib. Söhbət etdiyi gənclər arasında Səfərəli bəy Vəlibəyov diqqətini daha çox çəkib. Hazırlıqlı gənc olduğunu görərək, onu seminariyanın ikinci sinfinə qəbul edib. Təhsilini başa vurduqdan sonra müəllim kimi seminariyada saxlanılıb. 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Sonra Bakı gömrükxanasında işə düzəlib, tərcüməçi vəzifəsində çalışıb. 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə III dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunub. Səfərəli bəy Vəlibəyov 1902-ci il avqustun 31-də vəfat edib.

RƏŞİD BƏY ƏFƏNDİYEV

(1863-1942)

Görkəmli maarif xadimi, nasir Rəşid bəy İsmayıl oğlu Əfəndiyevin xatirə günüdür. O, 1863-cü il mayın 24-də Şəki şəhərində anadan olub. Qori Müəllimlər Seminariyasında oxuyarkən “Qan ocağı” adlı ilk pyesini yazıb. İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olub. On il Qəbələdə müəllimlik edib, 8 il Tiflis Ruhani İdarəsində katib müavini vəzifəsində çalışıb və nəhayət, 16 il Qori seminariyasında müəllim olub. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telinin qiyməti”, “Tiflis səfirləri”, “Diş ağrısı”, “Təbiətdə əhvali-məişət” adlı dramlarını yazıb. Firdovsidən “Rüstəm və Söhrab” əhvalatını, Şillerdən “Cam” adlı mənzuməni tərcümə edib. Rəşid bəy Əfəndiyev 1942-ci il avqustun 31-də vəfat edib.

OQTAY ZÜLFÜQAROV

(1929-2016)

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Qədir oğlu Zülfüqarov da bu gün xatırlanır. O, 1929-cu il mayın 31-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin və Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, dahi bəstəkar Qara Qarayevin tələbəsi olub. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı onun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub. “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını, “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyasını, “Sehrli alma” ikihissəli baletini, eləcə də violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazıb. Ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də vəfat edib.

MƏTLƏB QULİYEV

(1959-1992)

Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyevin anım günüdür. O, 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda dünyaya gəlib. İbtidai təhsilini Sumqayıt şəhərindəki 3 saylı orta məktəbdə alıb, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Hərbi xidmətini Ukraynada keçib. 1985-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu leytenant rütbəsi ilə təhsilini başa vuraraq, Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb. 1992-ci ildən daxili işlər orqanlarında çalışmağa başlayıb, polis əməkdaşı kimi ölkəmizin ərazi bütövlüyünün keşiyində dayanıb. Baş leytenant Mətləb Quliyev 1992-ci il avqustun 31-də Ağdam bölgəsində gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sumqayıt şəhərindəki 3 saylı orta məktəb onun adını daşıyır.

AYAZ QULİYEV

(1967-1993)

Şəhid Ayaz Ağahüseyn oğlu Quliyevin xatirə günüdür. O, 1 may 1967-ci ildə Şamaxının Cəyirli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Hacıqabulda tikinti idarəsində işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb, Ağdam rayonunun Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak edib. Əsgər Ayaz Quliyev 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Şamaxı rayonunda dəfn olunub.

ŞAHZADƏ DİANA

(1961-1997)

Uels şahzadəsi Diana da bu gün xatırlanır. O, 1 iyul 1961-ci ildə Norfolk qraflığında zadəgan ailəsində anadan olub. Təhsilini İsveçrədə Alpin Videmanette İnstitutunda alıb. İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyib. 1981-ci il iyulun 29-da Böyük Britaniya taxt-tacının varisi Şahzadə Çarlzla evlənib. Bu evlilikdən 1982-ci ildə Şahzadə Uilyam, 1983-cü ildə isə Şahzadə Harri dünyaya gəlib. 1992-ci ildən Diana və Çarlz rəsmi olaraq ayrı yaşayıb. Xeyriyyəçilik fəaliyyəti ilə məşhurlaşıb, dünyada sürətlə yayılan QİÇS xəstəliyinə qarşı və minalara qadağa kampaniyalarına qoşulub. Şahzadə Diana 1997-ci il avqustun 31-də nişanlısı, misirli milyarder Dodi əl-Fayedlə birlikdə Parisin Alma tunelində avtomobil qəzasına düşərək həlak olub. Dəfn mərasimi sentyabrın 6-da Vestminster abbatlığında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1951
avatar

Oxşar yazılar