MİLLİ MƏTBUAT GÜNÜ
(1875)
1. Bu gün Azərbaycan Milli Mətbuat günüdür. Ölkəmizdə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı " APA Group" kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
AKİF SƏMƏD
(1959-2004)
2. Azərbaycanlı şair, jurnalist Akif Səməd oğlu Məmmədov 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışıb. Şeirləri dövri mətbuatda dərc edilib. "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" və başqa əsərlərin müəllifidir. Akif Səməd 2004-cü il iyulun 6-da Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.
SABİR SULTANOV
(1946-2010)
3. Aktyor Sabir Kərim oğlu Sultanov 1946-cı ilin bu günü anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsində təhsil alıb. 1974-cü ildə Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilib. Həm rus, həm də Azərbaycan dillərində müxtəlif tamaşalarda əsas rolların ifaçısı olub. "İşarəni dənizdən gözləyin", "Meyl", "Gecə qatarında qətl", "Yaşıl eynəkli adam-2", "Nigaranlıq", "Qızıl toy", "O olmasın, bu olsun" və başqa tamaşalarda, bədii və televiziya filmlərində müxtəlif rollarda çıxış edib. Sabir Sultanov 2010-cu il yanvarın 13-də Bakı şəhərində vəfat edib.
SOFİQ HÜSEYNOV
(1950-1997)
4. Azərbaycanın dövlət və ictimai xadimi, iqtisad elmləri doktoru, professor Sofiq Kəlbi oğlu Hüseynov 22 iyul 1950-ci ildə Zəngilan rayonunun Çöpədərə kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin iqtisadiyyatı” fakültəsində təhsil alıb. Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru vəzifələrində çalışıb. 20 ilə yaxın Bakının bir sıra ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının həqiqi üzvü olub. Yüzdən artıq elmi əsərin, 5 monoqrafiyanın müəllifidir. 1995-ci ildə Milli Məclisinə deputat seçilib, parlamentin İqtisadi Siyasət daimi komissiyasının sədri olub. Sofiq Hüseynov 1997-ci il dekabrın 30-da vəfat edib.
NADİR ƏLİYEV
(1962-1993)
5. Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyevin anım günüdür. O, 1962-ci iyulun 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. Bakı Politexnik Texnikumunda və Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1991-ci ildə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini bitirib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Ağdərə və Ağdam rayon şöbələrində baş əməliyyat müvəkkili işləyib. MTN-nin xüsusi təyinatlı dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd, Qiyaslı kəndlərində gedən döyüşlərdə rəşadət göstərib və 1993-cü il iyulun 22-də qəhrəmancasına həlak olub. Nadir Əliyev Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Suraxanı rayonundakı 282 saylı orta məktəb onun adını daşıyır, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.