Bu zaman Yerdə seysmik aktivlik daha çox artır... -  Rəsədxana direktorundan AÇIQLAMA
25 may 2020 11:22 (UTC +04:00)

Bu zaman Yerdə seysmik aktivlik daha çox artır... - Rəsədxana direktorundan AÇIQLAMA

Hazırda Günəşin maqnit aktivliyinin minimum dövrünü yaşayırıq. Günəşin hazırki dövrü təxminən 2009-cu ilin əvvəllərindən başlayıb. Müxtəlif mütəxəssislərin fikrincə bu ilin yay fəsli həddindən artıq isti keçəcək. Aktivliyin minimum dövürdə olması iqlimə öz təsirini göstərirmi? Ümumiyyətlə, Günəşin hazırki dövrü nə zaman dəyişəcək?

 Günəş aktivliyinin maksimum dövrü nə zaman başlayacaq?

Lent.az-ın mövzu ilə bağlı suallarını Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov cavablandırıb.

Direktor bildirib ki,  Günəşin maqnit aktivliyinin növbəti minimum dövrü təxminən bir il əvvəl bitməli olsa da,  hansısa səbəbdən uzanır: “Günəş aktivliyinin minimum dövründə Yerə Günəşdən gələn plazma atılmalarının və bununla bağlı təzyiqlərinin ehtimalı və gücü azalır. Çünki Günəşin səthində maqnit aktivliyi olanda alışmaların, partlayışların və plazma atılmalarının sayı və gücü çox olur. Yer mütəmadi olaraq güclü cod şüalanmaya məruz qalır. Bizi bu həmlələrdən qoruyan Yerin maqnit sahəsi və onun atmosferidir. Minimum dövrün tədricən maksimuma keçməsi üçün Günəşin daxilində bir sıra fiziki proseslər getməlidir. Nəticədə səthə çıxan güclü maqnit sahələri onun aktivliyini bərpa edir. Biz müşahidələrdə Günəşin səthində belə güclü maqnitləşmiş oblastları qara ləkələr kimi görürük. Çünki bu oblastların temperaturu ətraf mühitdən xeyli az olur. Günəş və onun ətrafında planetar sistem (o cümlədən də Yer kürəsi) yaranandan, yəni 4 milyard ildən çoxdur ki, Günəşdə bu periodik hadisə təkrarlanır. Təxminən hər 11 ildən bir Günəşin aktivliyi minumum, daha sonra maksimum dövürdə olur. Bəzən bu dəyişilmə prosesi 9-dan 12 ilə kimi çəkə bilir”.

N.Cəlilovun sözlərinə görə, Yerdəki həyat, insanlar, bitkilər Günəşin bu periodik fəallığına adaptasiya olublar. Buna görə də Günəşin hansı dövürdə olmasının Yerə elə də ciddi təsiri olmur: “Yəqin ki, bu ilin sonuna Günəşin “gecikən” minimum aktivlik dövrü başa çatacaq. Bundan sonra növbəti 11 illik dövr 2031-cu ilə kimi davam edəcək. Bu prosesə kənardan – qalaktikadan müdaxilənin ehtimalı demək olar ki, yoxdur. Milyard illərdir ki, davam edən bu dövrülük Günəşin öz daxili fəaliyyəti ilə bağlıdır. Mürəkkəb bir fiziki proses nəticəsində Günəşin maqnetizmi artır və azalır ki, bu hal  Yer kürəsinə müəyyən dərəcədə təsir edə bilir. Maksimum zamanı Günəşin səthində yüksək enerjili alışmalar həddindən artıq çox olur. Əsas da qamma, rentgen, ultrabənövşəyi şüalanmaların enerjisi ciddi artır və bu da Yerin ekosisteminə  birbaşa təsir edə bilir. Maqnit sahəsinin konfiqurasiyasından asılı olaraq atılan plazma kütələləri Yerin atmosferinə daxil ola bilir, onu həyacanlaşdırır, hətta süni peyklərin orbitlərinin parametrləri də dəyişə bilir. Ona görə Günəşin aktivliyi maksimum həddə olanda Yerin süni peyklərinin orbitlərində korreksiyalar edirlər. Çünki parametr dəyişdikcə o öz yerindən yavaş-yavaş sürüşməyə başlayır”.

Direktor qeyd edib ki, Günəşin aktivliyinin qlobal minumumu yerdəki həyat və insanlar üçün böyük təhlükəyə malik olmur: “Adətən maksimum vaxtlarında xəstə insanların ürək-damar sistemində problemi olur. Atmosferin parametrləri dəyişdiyinə görə meteohəssas insanlar bu halı hiss edirlər. Bununla bağlı kosmik hava proqnozlarını Şamaxı Astrofizika Rəsədxanası verir”.

 Günəşin periodik dəyişmələri və seysimik aktivlik

 “Çoxsaylı statistik  analizlər göstərir ki, Günəş özünün minimum aktivlik dövründə olanda Yerdə seysmik aktivlik daha çox artır. Günəşin minimumu ilə seysimikliyin maksimumu uyğun gəlir, lakin bunun fizikası tamam aydın deyil. Bu çox maraqlı və aktual məsələdir”,-deyə vurğulayan alim aktivliyin artıb-azalmasının iqlimə təsir prosesinə də aydınlıq gətirib: “Bu il yayın çox isti keçəcəyi deyilir. Ötən il də belə deyirdilər. Günəşlə bağlı Yerdə qlobal iqlim dəyişmələri problemi ilə intensiv məşğul olmuşam. Günəşin fəaliyyəti ilə iqlimin qlobal dəyişikliyi arasında birbaşa nəzəri əlaqələr var. Günəş daxilində yaranan irimiqyaslı burulğanlar həm onun mərkəzində nüvə-sintez prosesinin sürətinə, həm də onun səthində optik parametrlərin dəyişməsinə gətirir. Bu isə Günəşin şüalandırdığı enerjinin artıb-azalması deməkdir. Günəşdən gələn enerji isə Yerin həm iqlimini, həm həyatını idarə edir. Əgər gələn enerji artır-azalırsa, bu iqlimə hökmən təsir edir. Amma burda söhbət 500-1000 illik  zaman ölçüsünə malik qlobal  dəyişikliklərdən gedir. İqlimdə qlobal dəyişikliklər tək Günəşlə bağlı deyil. Atmosferə atılan parnik qazlar, Yerin təkibində olan vulkan və qeyzerlər, materiklərin sürüşməsi, Yerin fırlanma oxunun və orbit müstəvisinin dəyişməsi və s. amillər iqlim amilinə təsir edə bilir. Qısamüddətli dəyişmələr isə Günəşlə deyil, Yerin öz atmosferi ilə bağlı geofiziki proseslərdir.”. 

Göründüyü kimi Yer kürəsi və biz insanlar Günəşin fərqli şəkildə fəaliyyətinə öyrəşmişik. Yəni, bu ilin həddindən artıq isti keçəcəyi ehtimalı, qışın soyuq və ya mülayim keçməsi halları planetimizdə hər zaman olub və olacaq. İnsanların üzərinə düşən vəzifə təbiətin sahibi kimi deyil, bir parçası kimi davranmaq və onun işinə mənfi təsirli müdaxilə etməməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6484
avatar

Aygün İbrahimli

Oxşar yazılar