“Koronavirusa yoluxma halının aşkarlandığı, eyni zamanda virusdan rəhmətə gedən insanların evləri mütləq dezinfeksiya olunmalıdır”.
Bunu Lent.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılmaması o halda baş verir ki, hər hansı bir xəstənin nəticəsinin pozitivliyi barədə Ərazi Gigiyena Mərkəzinə məlumat ötürülmür: “Xəstəni test edən və nəticəni bilən həkimlər Ərazi Gigiyena Mərkəzinə məlumat verməlidirlər. Bundan sonra isə ərazi dezinfeksiya şöbələri lazım olan tədbirləri həyata keçirməli, dezinfeksiya aparılmalıdır”.
Z.Kazımov onu da vurğulayıb ki, qurum yalnız xəstələrin olduğu evin dezinfeksiya edilməsinə məsuliyyət daşıyır. Yəni buraya xəstə aşkar olunan həyət və ya küçələr daxil deyil.
Onun sözlərinə görə, fərdi həyətyanı sahəsi olan şəxslər həyətlərinin dezinfeksiya edilməsi üçün mütləq prosesi həyata keçirən qurumla müqavilə bağlamalıdır.