“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlərimiz böyük uğura imza atıblar.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhəri 15 saylı tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər.
Bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə 3 qızıl, 9 gümüş və 12 bürünc medal əldə olunmuş sayılır.
1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir.
Avqustun 7-12-də virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.
Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə şagirdlər VI-VII sinif şagirdləri arasında keçirilən Fənn müsabiqələri və ya Respublika fənn olimpiadası qalibləri arasından seçilir.