Bu il Aşura günü vətəndaşlar pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində ehsan niyyəti ilə qan veriblər.
Mərkəzi Qan Bankından Lent.az-a verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində 500 nəfərə yaxın vətəndaş könüllü qan verib.
Mərkəz vətəndaşları könüllü qan verməyə və həyat qurtarmağa çağırır.
Bu il Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib.