Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Sülhlə işğala qarşı” mövzusunda videokonfransın işində iştirak edib. Fələstin dövlətinin Baş Qazısının Divanının təşkilatçılığı, Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə baş tutan konfransda Şeyxülislam A.Paşazadə çıxış edib.
QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malaziya, Rusiya və digər ölkələrin nazirləri, tanınmış din xadimləri və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etdiyi videokonfransda Fələstin xalqının hüquqlarının müdafiəsi, BMT müstəvisində Fələstin dövlətinə hüquqi, humanitar yardımın daha da artırılmasına dair məsələlər, habelə Qüdsün taleyinə dair narahatlıq gündəmdə olub.
Videokonfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu yöndə önəmli əməli addımlar atdığını vurğulayıb. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət nümayiş etdirdiyini videokonfans iştirakçılarının nəzərinə çatdıran Şeyxülislam A. Paşazadə Azərbaycanın bütün sahələrdə Fələstinin dövlətçilik, sülh, sabitlik və davamlı inkişafla bağlı səylərini tam dəstəklədiyini xatırladıb.
Ad - 00:04
ƏTRAFLI
Laugh
Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında baş verənlərin, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb etdiyini bildirən QMİ sədri Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılmasının, sülh, barış məkanı olmasının zəruri olduğunu ifadə edib. O bildirib ki, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.
Şeyxülislam A. Paşazadə beynəlxalq hüququn işləməməsinin, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmamasının təhlükəli meyl olduğunu xüsusi vurğulayıb. O bildirib ki, Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsi haqqında təktərəfli, siyasi məqsəd, niyyətlər naminə qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulması deməkdir.
QMİ sədri öz çıxışında bildirib ki, illərdir separatçılıqdan, bölücülükdən əziyyət çəkən xalq, əzəli torpaqları, beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən, Xocalı şəhərində törədilmiş soyqırım cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasında yer alan Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır. Fələstin probleminin sülh yolu ilə ədalətli həll olunmasının zəruriliyini vurğulayan QMİ sədri Şeyxülislam A. Paşazadə Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinin vacib olduğunu xüsusi vurğulayıb.