6 ay “korona” ilə döyüş, Qubadlıdan sonuncu zəng, “Qələbəyə az qaldı, bacı”... – Səbuhi Məmmədli rus şəhid Dmitri Solnsevdən yazır
27 oktyabr 2020 15:02 (UTC +04:00)

6 ay “korona” ilə döyüş, Qubadlıdan sonuncu zəng, “Qələbəyə az qaldı, bacı”... – Səbuhi Məmmədli rus şəhid Dmitri Solnsevdən yazır

- İki gün əvvəl zəng eləmişdi. Həmişəki kimi, cəbhədə nə baş verdiyindən heç nə danışmadı. Bircə onu dedi ki, darıxmayın, qələbəyə az qalıb, hamınızı öpürəm.

 

Cəbhəyə könüllü yazılmağını hamıdan gizlətmişdi 25 yaşlı Dima, Dmitri Solnsev. Gecə növbədə olmuşdu. Sentyabrın 21-i səhər tezdən onu hərbi komissarlığa çağırmışdılar. Evə gəlib əynini dəyişib komissarlığa yollanmışdı. Oradan isə təlimə. Və onda heç kim bilmirdi ki, 6 gündən sonra müharibə başlayacaq. Üstündən 24 gün də keçəcək Dmitri kimi əsgərlərin qəhrəmanlığı nəticəsində Azərbaycan əsgəri 4 böyük rayonu işğaldan azad edəcəkdi. Bunlar hələ sonra olacaqdı. Hələ ki...

 

Hələ ki, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Dmitri Solnsevin Bakının 4-cü mikrorayonda yerləşən evindəyik. Bacısı Yuliya xanımla söhbətləşirik. Hə, bir də qonşular, Dmitrinin adını eşidən onlarla ziyarətçi var burada. Hamı başsağlığına gəlib. Rusca da başsağlığı verən, ruhuna dua oxuyan da var, “Allah rəhmət etsin” deyib salavat çevirən də. Onsuz da Tanrı hamısını qəbul edir. Ən azı, böyüyüb başa çatdığı vətəninin azadlığı uğrunda şəhid olduğuna görə.

 

 - Bayaq qonaqlardan biri vətəndən danışdı. Əlbəttə, Dima öz vətəni uğrunda ölümə getdi. Ölüm deməzdim buna. Əbədiyyətə qovuşdu bir şəhid kimi. Sizə bir məqamı deyim. Dmitri TƏBİB-də işləyirdi neçə ay idi. Özü də könüllü kimi. Pandemiyaya qarşı mübarizədə o da həkimlərlə bir yerdə idi. Yox, həkim deyildi. Sadəcə TƏBİB-ə aid xəstəxanalarda tibbi aparatlarının təmiri, saz işləməsinə nəzarət edirdi. Onun ixtisası kimya texnologiyaları ilə bağlı idi. Dövlət Neft və Sənaye Universitetinin kimya texnologiyaları fakültəsini bitirmişdi. Sonra isə magistraturanı oxudu, qırmızı diplomla başa vurdu. Tomoqrafiyadan tutmuş, stomatoloji aparatlara qədər, ümumiyyətlə, tibb sahəsində işlədilən bütün texnikaların dilini bilirdi.

 

Bacısı deyir ki, orta məktəbi də əla qiymətlərlə oxuyub. Nəsimi rayonunda yerləşən 240 saylı məktəbə gedib.

 

 - Sizə maraqlı bir şey danışım. Dmitri ilə mənim aramda 15 yaş fərq var. Mən orta məktəbin son siniflərində oxuyanda o dünyaya gəlib. Amma necə bir uşaq olub, İlahi? Mərhum anam deyərdi ki, Dima hələ 6 aylıqkən danışmağa başlayıb. Yaş yarımında bağçaya aparıblar. Götürmək istəməyiblər ki, yaşı düşmür. Anam birtəhər, xahiş-minnətlə bağça rəhbərliyini razı salıb. Sonra bilirsiniz nə baş verib? (Bayaqdan ilk dəfədir ki, gülümsəyir Yuliya xanım) Hə, bizim Dima da başlayır anamdan öyrəndiyi nağılları danışmağa. Təsəvvür edin, yaş yarımlıq bir uşaq, digərlərini başına yığıb, nağıl danışır. Müəllimələri anama deyirmiş ki, bu uşağı Allah yetirdi bizə. Əməllicə bizə kömək edir. Hamı gözləyir ki, Dima görəsən bu gün hansı nağılı danışacaq. Bacısı deyir ki, məktəbdə də, universitetdə də, məhəllədə də hamının sevimlisi olub. Şən uşaq imiş, həyatsevər birisi. Özü də həddən artıq mütaliəli. Bacısı oğlu Anar deyir ki, dayısı dünya ədəbiyyatından oxumadığı çox az nəsə olardı.

- Məni də məcbur edirdi ki, oxu. Dünya və Azərbaycan kinosunu onun kimi təhlil edə biləcək az adam tanıyıram. Bəzən mənə elə gəliri ki, dayım kimya texnoloqu deyil, ədəbiyyatşünaslığı və ya kinoşünaslığı bitirib. Nəinki Bibliyanı, Quranı, Tövratı, bütün dini kitabları oxumuşdu. Onunla dindən, din tarixindən söhbət aparmaq, diskussiya etmək mümkün deyildi. Ali məktəbi bitirən Dmitri həqiqi hərbi xidmətini də başa vurur, qayıdıb işləməyə başlayır. Elə öz ixtisası üzrə. Pandemiya başlayanda öz xahişi ilə koronavirusa qarşı mübarizədə istifadə olunan xüsusi avadanlıq və cihazları təmir ilə məşğul olmağa başlayır.

 

- Gecə-gündüz işdə idi. Əlindən gələni edirdi ki, bircə cihaz da nasaz qalmasın. Arzusu nə idi? Bayaq bunu məndən kimsə soruşdu. Deyim nə idi arzusu? Pandemiyadan sonra karyerasını qurmaq istəyirdi. Bir də mənə və uşaqlarıma dayaq idi. Mənim həyat yoldaşım 9 ay bundan əvvəl vəfat edib. Arzusu bacısı uşaqlarını xoşbəxt görmək, necə deyərlər onların əlini çörəyə çatdırmaq idi. Daim mənim qayğıma qalırdı. Halbuki mən ondan yaşca çox böyüyəm. Sevdiyi qız? Yox, olsaydı bilərdim. Bacıyam axı. Hə, - gülümsəyir - qonşulardan biri, mənim rəfiqəm, gözəl-göyçək bir qızı Dimaya göstərib ki, bax, 25 yaşın var, artıq evlənmək vaxtındı, gəl bunu sənə alaq. Deyib yox, düzdü, gözəl qızdı, amma qoy əvvəlcə işimi qurum, özümə ev alım, bacımın qayğıların azaldım, sonra.

 

Sentyabrın 21-nə keçən gecə xəstəxanada növbədə olub Dmitri. Səhər tezdən evə gəlib. Evə çatan kimi isə komissarlıqdan zəng vurublar.

 

- Əynini dəyişib, dedi ki, gedirəm. Yalvar-yaxar elədim ki, barı iki saat yat, gözündən yuxu tökülür. Bu vəziyyətdə hara gedirsən? Dedi, yəqin lazımam ki, çağırılar.

 

Dmitri cənub cəbhəsində vuruşub. Cəbhəyə yollandığı az qala bir ay müddətində bir neçə dəfə bacısı ilə danışıb telefonla. Onda da sadəcə hal-əhval tutub.

 

- Bircə dəfə də olsa, demədi ki, haradadı, hansı rayonun ərazisindədi. Amma hər zəngində deyirdi ki, bacı, qələbəyə az qalıb, bunu bil. İnandırırdı adamı, çox pozitiv idi, əhvalı çox yüksək idi. Ən maraqlısı o idi ki, hər dəfə qələbəyə az qalıb deyəndə, prezidentimiz bir rayonun azad olunduğunu elan edirdi.

 

Sonuncu dəfə oktyabrın 24-də zəng edib. Yenə ənənəvi qaydada bacısını, bacısı uşaqlarını soruşub. Yenə harada olduğunu deməyib.

 

- Bircə onu dedi ki, qələbəyə az qalıb. Tezliklə müharibə bitəcək, qayıdacam. Mən onu Tanrıya tapşırdım, həmin axşam isə Tanrı onu öz yanına apardı. (Köksünü ötürür)

 

İkinci Fəxri Xiyabanda dəfn ediləcəyini ailə gözləmirmiş. Bacısı, bacısı oğlu deyir ki, əsgər yoldaşları, zabitlər ondan fəxrlə danışırdılar. Deyirdilər, Dima elə bir qəhrəmanlıq göstərib ki...

 

- Uşaqlıqdan bizə vətən sevgisi aşılayıb dayım. Fəxr edirəm ki, belə bir qəhrəman dayım var. Vətən sağ olsun! Allah dayıma, digər şəhidlərimizə rəhmət eləsin. Dayımın uğrunda canından keçdiyi Qubadlı şəhəri Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu. Artıq Ali Baş Komandanımız da bunu xalqa elan etdi. Dayım haqlıdır, Qələbəyə az qalıb.

 Haqlıdır, Anar, az qaldı...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2647
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar