550 il...
Hə, məhz bu il Azərbaycanla-Polşa arasında ilk beynəlxalq əlaqələrin münasibətlərin 550 illiyi tamam olur. Həmin il Uzun Həsən Polşaya, Yaqellon sülaləsi ilə dostluq yaratmaq üçün nümayəndə heyəti göndərir. Və beləcə, Şərqin Lehistan adlandırdığı Polşa ilə ilk diplomatik əlaqələr qurulur.
XIX əsrin əvvəllərində Polşa da Azərbaycanla yanaşı Rusiya İmperiyasının tərkibinə daxil edilmişdi. Həmin dövrdə çarizmə qarşı üsyana qaldıran polyakların bir hissəsi sürgünə məruz qalmışdılar. Onların bir qismi isə Bakıda məskunlaşmışdılar.
Bakıya gəlmiş polyaklar şəhərin inkişafında, ictimai həyatında aktiv iştirak edirdilər. Onların öz icmaları da formalaşmışdı. Qısa zamanda polyaklar Bakıda “Avropa ədəbiyyatı” kitabxanaları açmışdılar. Təsəvvür edin, Bakıdakı dünyəvi məktəblərdə polyak müəllimələr dərs deyirdi. Bakı qubernatorunun dəftərxanasında 10 nəfər polyak çalışırdı.
Lent.az-ın oxucuları xatırlayır. Bir neçə gün əvvəl saytımızda Bakıda özünəməxsus iz qoymuş, neft sənayesində inqilabi addım atmış mühəndis Pavel Pototskidən bəhs etmişdik. Amma Bakıda iz qoyan neftçi təkcə Pototski deyildi. Məsələn, Dioni Bonçkovski 1920-ci ildə neft və neft məhsulları istehsalı ilə məşğul olan “Zolotoye Runo” cəmiyyətini yaratmışdı. Yozef Esman Azərbaycan Politexnik İnstitutunda ikinci rektor olmuş, 1924-1953-cü illərdə isə Azneftdə neft istehsalı üzrə məsləhətçi işləmişdi. Yanuar Vışinski isə neft maqnatı idi.
Bakıda təkcə polyak mühəndislər fəaliyyət göstərmirdi. Neçə polyak memarı vardı ki, onların tikdiyi binalar hələ də şəhərimizin bəzəyidir, unikal memarlıq abidələridir. Onlardan biri, Yozef Qoslavski Varşavada anadan olmuş, Peterburqda Mülki Mühəndislər İnstitutunu bitirmişdi.
Qoslavski 1891-ci ildə Bakıya gəlib və cəmi bir il sonra şəhərin baş memarı seçilib. O, eyni zamanda neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə layihələr də hazırlayırdı. Qoslavskinin layihələşdirdiyi binaların birində indi Bakı şəhər İcra Hakimiyyəti yerləşir. Bina 1899-1904-cü illərdə tikilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin binası - hazırda burada Elmlər Akademiyasının Əlyazmalar İnstitutu yerləşir – da onun layihəsidir. 1898-ci ildə Tağıyev Sarayı (indiki Tarix Muzeyi), daha sonra milyonçunun Mərdəkan kəndindəki villası, Zığ dakı toxuculuq fabriki inşa olunur.
Digər bir polyak memar Yozef Ploşko da Peterburq Mülki Mühəndislər İnstitutunda oxuyub. 1895-ci ildə təhsilini bitirdikdən sonra Kiyevdə işləyib və oradan Bakıya gəlib. 1907-1910-cu illərdə Bakının baş memarı olub. O, Azərbaycanın neft maqnatları olan Murtuza Muxtarov və Ağa Musa Nağıyevin “saray” memarı kimi fəaliyyət göstərib. Eyni zamanda neft maqnatları olan polyak ailəsi Rılskilər üçün də layihələr hazırlayıb. Yozef Ploşko 1925-ci ildə Bakıdan Varşavaya, sonra isə Fransaya gedib. Onun layihələndirdiyi binalar arasında “İsmailiyə” (hazırda burada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir), Murtuza Muxtarovun evi (Səadət Sarayı), habelə indiki Dövlət Kukla Teatrı) göstərmək olar.
Kazimir Skureviç isə 1895-ci ildə Bakıya gəlmiş, 1904-1907-ci illərdə Bakının baş memarı olmuşdur. 1905-ci il inqilabında fəal iştirak etdiyindən həbs və sürgünə göndəriləcəyindən ehtiyatlanaraq Varşavaya köçmüşdür. Onun layihəsi ilə hazırlanmış binalar arasında indiki baş prokurorluq, habelə “Passaj”ı göstərmək olar.
Tanınmış memar Konstantin Borisoqlebski isə hazırkı Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin binasını və digər evləri layihələndirmişdi.
ADR dövründə Azərbaycan və Polşa əlaqələri yalnız iqtisadi və mədəni xarakter deyil, həmçinin siyasi xarakter də alır. 1918-ci ildə ADR Polşada səfirlik təsis edir, Polşa isə ADR-də konsulluq açaraq bu səlahiyyəti S. Rılskiyə həvalə edir. Bu səlahiyyəti daha sonralar S. Vonsoviç, T. Tıdelski, V. Byalobjeski və P. Ostrovski yerinə yetirmişdilər. Polşa hökuməti yüksək səviyyəli diplomatları Bakıya göndərərək Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu göstərmişdilər. Polyak siyasətçiləri və hərbçiləri A. Poltojinski, E. Olşevski, S. Vonsoviç, M. Rudzinski, Ç. Qutovski, A. Fridrixoviç, Y. Laşkeviç, E. Komorovski, V. Klenevski, S.Vonsoviç, Z. Balinski, S. Lunievski, V. Minkeviç, K. Odınets, Y. Tomaşevski, Y. Voyevudzki və başqaları Azərbaycan Demokratik Respublikasının quruculuğunda fəal iştirak etmişdilər. ADR Milli Ordusunun Baş Qərargah rəisi polyak M.Sulkeviç, artilleriya komandanı, polkovnik E. Dunin- Martsinkeviç idi. M. Sulkeviç son dəqiqəsinədək Azərbaycanda qalmış, XI ordu tərəfindən həbs edilərək, Bayıl həbsxanasında güllələnmişdi.
Azərbaycan Respublikasının Dövlət Arxivində Sulkeviçin 1919-cu ilin avqustun 10-da verdiyi 561 saylı əmrdə maraqlı qeydlər var. Əmrdə göstərilir ki, Azərbaycan ordusunun piyada və süvari alayları, eləcə də ayrıca batalyonları, hərbi məktəbləri üçün hazırlanan bayrağın bir tərəfində “Azərbaycan”, digər tərəfində isə “Kömək Allahdandır, qələbə yaxındır!” sözləri yazılmalıdır. Göstərilirdi ki, bayrağın parçasının kənarındakı zolaqlar Teymurləngin Səmərqənddəki qəbrində olan naxışlar kimi olmalıdır”.
Yeri gəlmişkən, Məmməd Əmin Rəsulzadə polyak dilində nəşr edilmiş “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabında isə əslən polyak olanların adını sadalayır: “Azərbaycanın müəssisələrində mən yalnız tatar polyaklarını deyil, eyni zamanda əsl polyakları da görmüşdüm. Biz əlbəttə ki, texniki səbəblərə görə burada həmin adamların böyük bir siyahısını vermək fikrində deyilik. Lakin Azərbaycanın dövlət həyatında iştirak etmiş bəzi polyakların adlarını çəkmək istəyirəm: Çeslav Qutovski – təhqiqat hakimi, Çeslav Klossovski – prokuror köməkçisi, Kazimej Jepski – prokuror köməkçisi, Komarovski – prokuror köməkçisi, Ziqmund Belinski – notarius, Zaxobiç – hakim, Paçeviç – hakim, Kiselevski – Ədliyyə Nazirliyinin kanselyariya direktoru və s. Göründüyü kimi, polyaklar hüquq sahəsindəki işlərdə üstünlük təşkil edirdilər. Amma onlardan bəziləri dövlət müəssisələrində də müxtəlif vəzifələr tuturdular”.
O ki qaldı indiyə, Azərbaycan-Polşa münasibətləri ən yüksək səviyyədədir. Necə deyərlər, əsası 550 il əvvəl qoyulmuş ənənə davam edir.