16 yaşından Pakistanda fahişəlik edən Yasəmən: Və ya o sirli "madam" Aybənizdir?
28 aprel 2022 19:00 (UTC +04:00)

16 yaşından Pakistanda fahişəlik edən Yasəmən: Və ya o sirli "madam" Aybənizdir?

Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Səfərzadə Aybəniz Mirəddin qızının Pakistanda gizləndiyi məlum olub. 

15 il bu ölkədə gizlənən A.Səfərzadə aprelin 26-da saxlanılıb. Məlumata görə, A.Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dəyişibmiş. Bacılar azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb. İnterpol xətti ilə axtarılan bacılardan Aybəniz Səfərzadə iki gün əvvəl tutulsa da, Almaz Səfərovanın saxlanılması hələlik mümkün olmayıb. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Əslində, azərbaycanlı qadınların Türkiyə, Gürcüstan, BƏƏ kimi ölkələrdə cinsi istismara məruz qalması heç kimə sirr deyildi. Media zaman-zaman bu barədə yazırdı. Heç kimə də sirr deyildi ki, SSRİ dağılandan sonra, 90-larda məhz bu ölkələr, qismən də Hafiz Əsəd Suriyasının otel və barlarında azərbaycanlı fahişələrə rast gəlmək olurdu. Amma vaxt getdikcə bu ölkələrə uzanan trafiklər bağlanmağa başlandı. Onda, yəni yeni əsrin əvvəllərində, yeni trayektoriyalar cızılmağa başlanıldı. Bu siyahıda isə ilk yeri Pakistan tutdu. 

Bəs niyə Pakistan? 

Britaniya mətbuatının yazdığına görə, həmin ərəfədə Karaçidə və Pakistanın paytaxtı İslamabadda işləmək keçmiş Sovet İttifaqından olan fahişələr üçün cəlbedici idi. Çünki onlar burada öz ölkələrində olduğundan daha çox pul qazanırdılar. 

“Burada onlar bir müştəridən 150 dollar qazanır, bu isə onların Mərkəzi Asiya və Qafqazda qazanacaqları məbləğdən üç dəfə artıqdır" - deyə bildirilirdi.

Sitat: 
“Varlı pakistanlı kişilər çox pul xərcləməyə ürəklidir, çünki onlar ağdərili qadınları xoşlayır və həmin qadınlar yataqda Pakistan qadınlarından daha azaddır. Müştərilər əsasən siyasətçilər, biznesmen və bankirlərdir. Onlar həftə sonları bir yerə yığışır və bu qadınlardan bir neçəsini dəvət edir”. 

Bir qədər əvvəl jurnalist həmkarımız Keyt Orne Pakistandakı fahişələrlə bağlı araşdırma aparmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, hər bir fahişənin bir gün ərzində iki müştəridən qazandığı para təxminən bir məmurun aylıq maaşı qədərdir. Keyt yazırdı ki, fahişələrin yaş həddi, milliyyəti önəmli rol oynamır. Önəmli olan odur ki, onun mənzilində sənin təhlükəsizliyin tam təmin olunur, polisdən və qatı dindar kəsimin linçindən sığortalanmısan. 

Keytin dediyinə görə, onlar öz müştərilərini o qədər də dəbdəbəli olmayan mənzillərdə qəbul edirlər. Bir müştəriyə edilən xidmətin qiyməti isə təxminən 10 min rupidir. 100 dollar civarında. 100 dollar isə Pakistanda az pul deyil. Fahişə biznesi Karaçidə İslamabaddan çox daha böyükdür. Buradakı pritonlarda əsasən MDB ölkələrindən gələn fahişələr fəaliyyət göstərir. Aralarında xeyli azərbaycanlı da var. Həmin bordellərdə qadın sutenyorlar sənə istədiyin millətdən, istədiyin yaşda fahişə tapa biləcək. Sutenyorları ehtiramla “madam” deyə çağırırlar. Məhz “madamlar” özləri həm polislə, həm də bu biznesə təhlükə yarada biləcək digərləri ilə məsələləri çözürlər.

Məlumatlara görə, təkcə Karaçidə hər birində 15-20 fahişənin çalışdığı, otuza qədər priton fəaliyyət göstərir. Bir qədər zənginlər əsasən Rusiya və Ukraynadan olanlara üstünlük verirlər. Onların qiyməti 200-250 dollar arasındadır. Ən ucuz Çindən gələnlərdir. Bir maraqlı məqam: Burada fahişəliklə məşğul olan və hamının Jasmin (yəni Yasəmən) deyə çağırdığı Azərbaycandan olan qadın barədə BBC və digər Qərb KİV-də məlumat yaymışdı. Yasəmənin hekayəti isə belədir: O, Karaçiyə 15 yaşı olanda gəlib, valideynlərindən qaçıb, çünki onu sevdiyi gənc oğlanla görüşməyə qoymurlarmış. Sevgilisi ilə birgə Azərbaycanın əyalətindən Bakıya köçəndən sonra uşağa qalıb. Sonra sevgilisi avtomobil qəzasında ölüb. 16 yaşında o - yalqız ana pulsuz-parasız qalıb və ailəsinin yanına qayıdarsa, öldürüləcəyindən qorxub. Əvvəlcə Bakıda fahişəliyə başlayıb və biləndə ki, Karaçidə daha çox pul qazana bilər, ora köçüb. İndi Yasəmən oğlunun görmək üçün ildə iki dəfə Azərbaycana gəlir... 

Məlumata görə, İslamabadda azərbaycanlıların iki restoranı fəaliyyət göstərir.  Azərbaycanlı fahişələrin əsas məkanı da elə bu obyektlərdir. Buranın “madam”ı da, fahişəsi də, qab yuyanı da, hətta ofisiantı da azərbaycanlıdır. Və geri, Azərbaycana çox nadir hallarda, iki ildən bir qayıdırlar. 

İndi bu fakta diqqət: 2014-cü ilin iyununda Pakistanın Xarici Kəşfiyyat Agentliyi  “Madam Zafira”  - bəlkə də Zərifə - ləqəbli azərbaycanlı “mama roza”nı ölkənin suverenliyi, sosial həyatı və İslam mədəniyyəti baxımından iki ən ciddi təhdiddən biri adlandırmışdı. Həmin vaxt “The News İnternational” qəzeti Azərbaycan da daxil olmaqla 4 ölkədən gələn fahişələrin ölkə üçün yaratdığı təhdid barədə hesabat hazırlamışdı. Sitat: “Özbəkistan İslam Hərəkatının lideri Usman Qəni və xarici ölkələrdən gətirilən fahişələrin klanına başçılıq edən “Madam Zafira” Pakistana və onun mədəniyyətinə qarşı eyni gücdə mübarizə aparırlar. “Madam Zafira” 4 ölkədən - Özbəkistan, Rusiya, Türkmənistan və Azərbaycandan gətirdiyi fahişələrlə işləyir.

Maraqlıdır, bəlkə bu gün tutulan bacılardan biri elə Zərifədir?

Axı rəsmi xəbərdə də belə deyilir ki, Aybəniz Səfərzadə rəsmi sənədlərini, ad və soyadını dəyişibmiş...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12600
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar