İmişlidə 11 yaşında zorlanaraq hamilə qalan və uşaq dünyaya gətirən azyaşlının danışması ilə bağlı görüntülər üzə çıxıb.
Lent.az xəbər verir ki, bu barədə ARB telekanalında süjet yayımlanıb.
Videoda azyaşlı qız baş verənlər haqqında danışıb. O bildirib ki, onu zorlayan şəxs bu hadisə barədə heç nə danışmamasını tapşırıb: “Dedi ki, heç kimə demə”.
Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.
Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, İmişlidə 11 yaşında zorlanaraq hamilə qalan, uşağını dünyaya gətirən qızı və körpəni himayələrinə götürəcəklər:
“Bu gün himayəyə götürmək üçün sənədlər hazırlanır və aidiyyəti üzrə göndəriləcək. Şənbə günü olduğu üçün müraciətimizə birinci gün cavab gələcək. Hazırda 11 yaşlı qız narkozdan ayılıb. Amma bu çox ağır əməliyyat olduğundan qızın tezliklə yaxşı olacağını gözləmək düzgün deyil. Çünki burada söhbət həm fizioloji, həm də mənəvi travmadan gedir. Körpənin vəziyyəti ilə bağlı isə heç bir məlumat verilmir”.
Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.