10 min manatlıq Həcc ziyarətindənsə, 6 tələbə oxudun – Elşad Miri
16 iyun 2023 12:02 (UTC +04:00)

10 min manatlıq Həcc ziyarətindənsə, 6 tələbə oxudun – Elşad Miri

Müqəddəs Həcc ziyarəti yaxınlaşır. Belə ki, bu il Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun sonu-iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətlə bağlı sənəd qəbulu isə martın 17-dən başlanılıb.

Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 manat) təşkil edir. Bu da onu göstərir ki, bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi.

Bəs, qiymətin bu qədər yüksək olması nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Lent.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, dollar məzənnəsi stabil qaldığı halda qiymətlərin artması anlaşılmazdır:

“Bu il Həcc ziyarətinin qiymətləri 5 mindən çox, 6 min dollara yaxın bir qiymət olduğunu bilirik. Çünki Qafqaz Müsəlmanları İdarəsi, bilirsiniz ki, qiymət müəyyənləşdirərkən dolların məzənnəsini nəzərə alır. Hansı ki, Azərbaycanda məzənnə eyni saxlanılır. Lakin Qafqaz Müsəlmanları İdarəsi bu sahədə öz istədiyi qiyməti qoyur və bununla bağlı da heç bir hesabat vermir. Nəyə nə qədər xərclənir? Bu günə qədər bu sualın cavabı verilməyib. Amma sadəcə məsələ bu qiymətlə bitmir. Çünki ora gedən insanlara sadəcə gündə bir dəfə səhər yeməyi verilir, bəziləri həmin səhər yeməyini də bəyənmirlər. Ona görə günün müəyyən saatlarında oteldən çıxıb günorta və yaxud axşam yeməyini yeməyə, istədiklərini tapmaq üçün vaxt sərf etməyə məcbur olurlar”.

İlahiyyatçı deyib ki, ora gedib 10 min manat xərcləməkdənsə, 6 tələbənin təhsil haqqını ödəmək daha yaxşıdır:

“Bir də istinin bu vaxtında gedənlərə həqiqətən çox çətin olacaq. Bu məlum məsələdir. Çünki bu məsələlərlə bağlı da müəyyən addımların atıldığını deyə bilmərəm. Faktiki olaraq ora gedib bu qədər pul xərcləməkdənsə, həmin pulla kasıbı sevindirmək daha savabdır. 

10 min manata Həcc ziyarəti. Əlavələrlə birgə hesablasaq, 12 min manat. 12 min manat bu gün ödənişli əsaslarla oxuyan təxminən 6 tələbənin illik təhsil ödənişidir. Siz 20 gün gedib orada qalmaqdansa, burada 6 tələbənin təhsil haqqını ödəyə bilərsiniz.

Ömründə bir dəfə getmək istəyən insan təbii ki, gedib ziyarət edə bilər. İslamın istədiyi turist kimi ora gedib oteldə qalmaq, sadəcə gündə 1-2 dəfə gəlib ibadət eləmək və ya iki gün deyilən yerlərdə keçirmək, yaxud da islamda olmayan şeytan daşlamaq anlayışı deyil. Təbii ki, bunu dəyərləndirmək də. Amma bu günləri təəssüflər olsun ki, bunların heç birini görə bilmirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Fidan İlqar

Oxşar yazılar