Od Tanrısının şəhəri - ARAŞDIRMA
17 iyul 2012 15:25 (UTC +04:00)

Od Tanrısının şəhəri - ARAŞDIRMA


Lent.az-ın yeni layihə təqdim edir. “Böyük tikililər” adlanan bu layihədə Azərbaycan inşa edilmiş nəhəng tikililərdən söhbət açılacaq. Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən belə tikililərin tarixi, önəmi barədə jurnalist araşdırması, qədim və yeni foto şəkilləri təqdim olunacaq. İlk olaraq, Mingəçevir Su Elektrik Stansiyası ilə bağlı araşdırmanı təqdim edirik.


Odu tanrılardan xəbərsiz insanlara verən Prometeyin adı əsrlərdir xeyirxah əməl sahibi kimi bəşəriyyətin yaddaşına həkk olunub. Qədim yunanların mifoloji dünya görüşünə aid olan bu hadisəni, həm də təbiəti ram edən, onun şıltaqlığını, kürlüyünü, enerjisini insanların rifahına yönəltməyi bacaran Adəm övladının qurub-yaratmaq qüdrətinin təcəssümü hesab eləmək olar. Azərbaycan insanları da əsrlər boyu bəşəriyyətin mədəniyyət tarixinə böyük töhfələr bəxş edərək, bəzən hətta dünyada tayı-bərabəri olmayan layihələr həyata keçirmiş, insan zəkasının və zəhmətinin bənzərsiz nümunələrini yaradıblar. Bu gün onlardan biri haqqında danışacağıq. Burada çalışanlar da insanlara od, deməli, həm də işıq və istilik verən Prometey kimi xeyirxah əməl sahibidirlər. Sizə nur şəhəri Mingəçevirdən danışacağıq. Od Tanrısının şəhərindən...

Qədim Mingəçevir adının mənası haqqında müxtəlif əfsanələr mövcuddur. 4500 ildən çox tarixə malik olan bu yerin adının mənasını akademik Ziya Bünyadov elmi cəhətdən belə izah edir: “Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Minqiçevir əl- Fərqaninin adı ilə bağlıdır”.

Bu ərazidə yaşayış hələ III minillikdə mövcud olub. Arxeoloji qazıntılar sübut edir ki, burada yaşayan insanlar böyük mədəniyyət yaradıblar. Tapılan Yunan, Roma pulları sübut edir ki, bu ərazilərdə ticarət hələ qədim zamanlardan inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbi özünün "Səyahət" əsərində Mingəçevirin yaşayış məskəni kimi adını çəkir, sağ sahilində inkişaf eləmiş toxuculuqdan, dəmirçilikdən yazır. Mingəçevirlə bağlı həm ədəbiyyatımızda, həm də kinematoqrafiyamızda bir sıra nümunələr mövcuddur. Rejissor Əlisəttar Atakişiyevin ekranlaşdırdığı uşaqların, elə böyüklərin də sevə-sevə baxdıqları “Bir qalanın sirri” bədii filmi də əsasən, Mingəçevir ərazisində, Boz dağın ətəklərində, su anbarının sahillərində çəkilib.

Qədim tarixinə baxmayaraq, Mingəçevir II Dünya Müharibəsindən sonra yaradılan gənc şəhərdir. Bu şəhərin böyüməsi və inkişafı burada qurulan maşınqayırma, neft-kimya, həmçinin yüngül və yeyinti məhsulları sənaye obyektlərinin tikintisi ilə bağlı olub. Ancaq Mingəçeviri bu gün Respublikanın dördüncü böyük şəhərinə çevirən, el arasında “Mingəçevir dənizi” adlanan Mingəçevir su anbarı və nəhəng tikilinin qarşısında qurulmuş SES olub.

Ümumiyyətlə, Azərbaycan elektroenergetikasının əsası 1883-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbinin quraşdırılması ilə qurulub. Abşeron yarımadasına sürətlə inkişaf edən neft sənayesini, həmçinin, Bakının özünü elektrik enerjisi ilə təchiz etmək məqsədilə 1898-1899-cu illərdə “Elektrik gücü” adlı səhmdar cəmiyyət yaradıldı. Bu cəmiyyət şəhərin ətrafında iki elektrik stansiyası inşa etdirdi. Mingəçevir Su Anbarının tikintisi isə, belə demək mümkünsə, ikili məqsəd daşıyır: yaz aylarında sel sularından daşaraq keçdiyi ərazilərdə dağıntılar törədən Kür çayının şıltaqlığını ram eləmək, bir də bu sudan təsərrüfatda yararlanmaq. Bir sözlə, Kürün faydalılığını artırmaq birinci məqsəd olub. Ona görə də dünyada tayı-bərabəri olmayan nəhəng su anbarı yaradılıb. Bu gün böyük bir ərazini tutan Mingəçevir Su Anbarına tamaşa eləmək nə qədər xoş və maraqlıdırsa, nəzərə almaq lazımdır ki, insan qüdrətinin möcüzəsi olan bu tikilinin yaranması da bir o qədər çətin olub. Nəzərdə tutulan layihə əsasında yaranan su anbarı təkcə Sovet İttifaqında deyil, həm də Avropada ən hündür torpaq bəndi ilə yeganə tikilidir. Su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü isə 80 m-dir. Bəndin yaradılmasında 12 milyon kub metr torpaq, doqquz yüz min kub metr beton işlədilib, iyirmi dörd min ton metal konstruksiya quraşdırılıb. Su anbarının sahillərinin böyük hissəsi təbii dağlarla əhatə olunsa da, mütəxəssislər dağlarda baş verə biləcək sürüşmələrə də nəzarət eləyirlər və hər bir xırda sürüşməyə qarşı tədbir görülür.

Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış bu su anbarının normal dolma səviyyəsində, yəni 83 m-də ümumi su tutumu 15730 milyon kub metr, faydalı həcmi isə 8210 milyon kub metrdir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən 18 km-ə dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 kvadrat metrdir.

Kür çayından ayrıca olaraq bu hövzə iki kanalı su ilə təchiz edir: 172 km uzunluğundakı Yuxarı Qarabağ və 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalını. Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.
İşlənən materialların həcminə və dünyada çınqıl-qumdan yuyulmuş yeganə bənd olan Mingəçevir su anbarı 3 gözdən ibarət suaşıran beton bənd, 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən, 4 qapalı beton boru ilə 4 gözdən ibarət su aşıran qurğular daxildir. Mürəkkəb quruluşa malik olan su anbarı salınanda alimlər bura axan çaylarla gələn lil kütləsi nəticəsində buranın 300 il sonra tamamilə dolacağını zənn edirdilər. Azərbaycanda alimlərin yenidən hesablamaları nəticəsində isə məlum olub ki, su anbarının ömrü 300 il yox, düz 3 min ilə yaxındır.

Mingəçevir su anbarının salınmasında birinci məqsədin Azərbaycanın böyük bir ərazisinin su daşqınlarından qorunması, həmçinin Kürün suyundan təsərrüfatda yararlanılması barədə yazdıq. Ancaq bəzi hallarda yanlış olaraq, su anbarının hər hansı subasmalara rəvac verdiyi barədə qeyri-obyektiv fikirlər səslənir. Əslindəsə tam əksinədir. Axı, su daşqınlarının qarşısının alınması məqsədi ilə inşa edilmiş və illər uzunu məhz bu istiqamətdə fəaliyyət göstərən tikili subasmaya necə səbəb ola bilər? Həqiqət budur ki, ən kritik anda belə nəzərdə tutulan texniki öhdəlikləri yerinə yetirir. Təbii ki, burada çalışan və işinə bağlı insanların səyi hesabına...

Artıq Mingəçevir Su Anbarının tikilməsinin ikinci məqsədi haqqında danışmağın vaxtıdır. Bəli, bu anbarın sayəsində suyun tükənməz enerjisindən elektrik enerjisi almaq mümkündür.
1945-ci ildə əsası qoyulan Mingəçevir SES ümumi gücü 371 min kvt. olan, 6 hidroaqreqatdan ibarət olmaq şərti ilə 9 ildən sonra, 1954-cü ildə istifadəyə verildi. 1 ildən sonra isə Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının, eləcə də Varvara SES-in tikintisinə, həmçinin yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilişinə başlanıldı.

Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir SES-nin quraşdırılması ilə əlaqədar çox sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikintisində 20 min insan çalışıb. 1940-cı illərin sonlarına doğru 10 minə yaxın alman hərbi əsiri də stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasını postsovet məkanının ən böyük SES- nin quraşdırılmasında yaxından iştirak ediblər.

Qurulmasından ötən illər ərzində silsilə üzrə 62,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Göstərilən həcmdən Mingəçevir SES-in payına 58,1 milyard, Varvara SES-i 4,1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsalı düşür.

Mingəçevir SES-in qurulmasından sonra Azərbaycan energetikası xeyli inkişaf edib, Respublikamızda onlarla müasir SES-lər istifadəyə verilib. Ancaq hər kəs bilir ki, bütün bu işlər Heydər Əliyevin həm sovet, həm də müstəqil Azərbaycanın rəhbəri olduğu vaxtlar daha geniş vüsət alıb. Məhz Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi illərdə müasir energetikanın əsası qoyulub. Azərbaycanın müasir enerji sisteminə malik olmasına rəvac verilib.
Mingəçevir SES-ni bütün parametrlərinə görə Azərbaycanda analoji tipli tikililərin pioneri hesab eləmək olar. Bu stansiyanın qurulduğu vaxtlar Azərbaycanda belə layihələr üçün nəzərdə tutulmuş texniki imkanlar və avadanlıq, həmçinin bu layihəni həyata keçirmək üçün kadrlar da yox idi. Ancaq illər ötdükcə Azərbaycan insanları da bu sahədə bacarıqlarını və biliklərini ortaya qoya bildilər.
Mingəçevir SES burda çalışanlardan böyük məsuliyyət tələb edən strateji bir istehsalat sahəsidir. Burada yol verilə biləcək ən kiçik yanlışlıq belə gözlənilməz fəlakətə səbəb ola bilər. Ona görə də respublikanın bu nəhəng tikilisində ciddi iş rejimi qurulub. Bu baxımdan Mingəçevir SES-nin bütün heyəti ölkənin iqtisadi həyatında və enerji sistemində hansı mövqedə olduqlarına və gözəl başa düşürlər.
Bu gün Mingəçevir SES-in yenidən qurulması istiqamətində böyük işlər gedir. Vaxtilə tikintisi dondurulmuş tikinti işləri, artıq davam etdirilir.

Azərbaycanın coğrafi mövqeyi, neft-qaz ehtiyatları və iqtisadi yüksəlişi Respublikamızı nəinki bölgənin, dünyanın enerji mərkəzlərində birinə çevirib. Əvvəl qurulanlar yenilənir, ayrı-ayrı yerlərdə onlarla elektrik stansiyaları qurulur, ölkəmizin enerji təhlükəsizliyi gücləndirilir. Azərbaycan "prometey"ləri həmişə olduğu kimi yenə dövlətçiliyimizin, xalqımızın ümidlərini doğrultmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlirlər. Bu sırada Mingəçevir SES silsiləsinin xüsusi yeri var. Burada çalışanların gecəli-gündüzlü zəhmətləri hesabına Azərbaycan vətəndaşlarının evlərinə istilik, nur gəlir. Deməli, Od Tanrısının Şəhəri bundan sonra da yaşayacaq, çalışacaq və Azərbaycanın gələcək inkişafında öz töhfələrini verməkdə davam edəcək...

İlham Tumas
ilham-tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857

Oxşar yazılar